BMT-nin məlumatına görə, dünyada 685 milyon insan təkcə elektrik enerjisindən deyil, həm də gündəlik həyat üçün zəruri olan əsas xidmətlərdən məhrumdur.
“Report” xəbər verir ki, bunu "SEforALL" şirkətində insanlara yönəlmiş proqramın rəhbəri Maykl Melin Bakı İqlim Fəaliyyəti Həftəsində deyib.
“Daha da təəccüblü olan odur ki, iki milyarddan çox insan, təxminən hər üç nəfərdən biri hələ də təmiz yemək hazırlama üsullarına çıxışı yoxdur”, - o bildirib.
Onun sözlərinə görə, bu problem dəhşətli nəticələrə gətirib çıxarır və bunu yemək hazırlayarkən ekoloji cəhətdən təmiz olmayan yanacaq növlərindən istifadənin milyonlarla insanın sağlamlığına mənfi təsir göstərməsi ilə izah edib. M.Melin qeyd edib ki, bundan ən çox uşaqlar əziyyət çəkir:
“Bu kimi iqlim problemlərinin həlli yolları da uşaqlara nümayiş etdirilməlidir. Çünki bu, onlara xüsusilə güclü təsir göstərir. Mən əminəm ki, onlar nəticələri görəndə iqlimlə bağlı fəaliyyətin aparıcı tərəfdarlarına çevriləcəklər”.