IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində çimərlik mövsümünün başlanması ilə əlaqədar ənənəvi sahilyanı təmizlik aksiyası keçirilib.
"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə baş tutan aksiya 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunub.
Şüvəlan qəsəbəsindəki ictimai çimərlikdə təşkil olunmuş təmizlik aksiyasında 200 könüllü gəncin və Milli Olimpiya Komitəsinin atletlərinin iştirakı ilə 2 tona yaxın tullantı toplanılaraq, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.
"Sahillər təmiz qalsın” şüarı altında baş tutan təmizlik aksiyasının keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri dəniz ətraf mühitinin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.
"IDEA İctimai Birliyi yerli və beynəlxalq tərəfdaşlarla birgə mütəmadi olaraq Azərbaycan və regionun su bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, Kür və digər çaylarda təmizlik aksiyaları təşkil edir. Aksiya tərəfdaşları tədbirə qoşulan bütün təbiətsevər gənclərə təşəkkür edir, hər kəsi planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırıb", - deyə məlumatda qeyd olunub.