"Global Media Group"un təşəbbüsü təqdir olunur: Yaşıllığın qorunması olduqca vacibdir

"Global Media Group"un təşəbbüsü təqdir olunur: Yaşıllığın qorunması olduqca vacibdir GLOBAL
COP29
14 Fevral , 2024 16:38
 Global Media Groupun təşəbbüsü təqdir olunur: Yaşıllığın qorunması olduqca vacibdir

Təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın bərpası və biomüxtəlifliyin qorunması olduqca önəmlidir.

"Report" xəbər verir ki, bunu "Global Media Group"un Global Management Marketinq və Satış Departamentinin direktoru Laura Seyidbəyova qrupun təşəbbüsü, "Global Management" və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə fevralın 14-də baş tutan ağacəkmə aksiyasında deyib.

O qeyd edib ki, ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətinin gücləndirilməsi üçün təşkil olunan ekoloji aksiyada iştirakdan böyük məmnunluq duyur:

"Sağlam və həmişəyaşıl dünya qurmaq bəşəriyyətin ümumi və təxirəsalınmaz məsuliyyətidir. Biz də öz növbəmizdə bu cür ekoloji aksiyaların təşkili ilə dayanıqlı inkişafa töhfələrimizi veririk, hər kəsi təbiəti qorumaq üçün keçirilən bu cür aksiyalara qoşulmağa və bu işdə fəal olmağa səsləyirik”.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev qeyd edib ki, bu aksiya noyabrda Bakıda baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) həsr olunmuş bir tədbirdir.

“Gələcəkdə burada böyük meşə zolağı olanda bu, şəhəri regionumuza xas olan qum fırtınalarından qoruyacaq. Burada ağaclar hələ bitmədiyinə görə bu ərazidən toz havaya qalxır, paytaxta dolur və biz tozlu hava ilə nəfəs alırıq. Biz 10-15 ildən sonra zəhmətimizin bəhrəsini görəcək və bunu hiss edəcəyik. Buna görə də fürsətdən istifadə edərək hər kəs üçün burada belə tədbirlərin keçirilməsinə şərait yaratdığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə minnətdarlığımı bildirirəm. Digər təşkilatları Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bu təşəbbüsü dəstəkləməyə çağırıram”, - F.Hüseynəliyev qeyd edib.

“Global Assurance” şirkətinin Keyfiyyət Təminatı və Keyfiyyətə Zəmanət Departamentinin direktoru Günel Qureyşi Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu diqqətə çatdıraraq hər kəsi yaşıl dünya naminə təşəbbüslərə qatılmağa çağırıb:

"Global Media Group"a bu gözəl təşəbbüsə görə təşəkkür edirəm. Ümidvaram ki, belə aksiyalar davamlı olacaq, hamımız bir olaraq bu aksiya üçün əlimizdən gələni etməli, Bakının, ümumiyyətlə Azərbaycanın yaşıllaşdırılması üçün bütün səyləri göstərməliyik".

Qeyd edək ki, bu gün "Global Media Group"un təşəbbüsü, "Global Management" və qrupa daxil olan digər şirkətlərin iştirakı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində ağacəkmə aksiyası keçirilib.

Son xəbərlər

Orphus sistemi