Yuxarı

Gəncədə gənclərin ekoloji maarifləndirilməsi ilə bağlı tədbir keçirilib

Tədbirin sonunda layihə çərçivəsində ekoloji maarifləndirməyə dair hazırlanan köynəklər gənclərə paylanılıb

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyin həyata keçirdiyi "Yaşıl həyat" Təbiəti qoruyaq!" adlı layihə çərçivəsində Gəncədə gənclərin iştirakı ilə tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyin sədri Emil Hüseynli bildirib ki, Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini aparmaqdır: "Artıq layihə çərçivəsində Bakıda gənclərlə görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirilməsi işini həmişə diqqətdə saxlayır. Çünki insanlar təbiətə necə münasibət göstərərlərsə, təbiət də adekvat olaraq cavabını verir. Qlobal iqlim dəyişiklikləri fonunda nə qədər təbii fəlakətlər baş veirir ki, bunların da nəticəsində insanlar həyatlarını itirirlər. Ona görə də hər bir gənc ətraf mühitin qorunmasında üzərinə düşən vəzifələri həyata keçirməklə yanaşı, cəmiyyətdə baş verən ekoloji çirklənməyə qarşı mübarizə aparmalıdırlar".
E.Hüseynli bildirib ki, Prezident cənab İlham Əliyevin qayğısı nəticəsində ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində mühüm işlər görülür, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar yerinə yetirilir.
Onun sözlərinə görə, Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr verib. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.
QHT rəhbəri deyib ki, ümumilikdə bu günə kimi ekologiya sahəsində qiymətləndirmə aparan beynəlxalq reytinq agentlikləri və anonim müəlliflərin qiymətləndirmə nəticələri ilə müqayisədə, ABŞ-ın tanınmış Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış bu Ekoloji İndeksdə Azərbaycanın sıralamada yüksək yer tutması, ölkədə ətraf mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin obyektiv qiymətləndirilməsinin aydın təzahürüdür.
Tədbirdə daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin nümayəndəsi İlkin Hacıyev bildirib ki, bəzən insanlar ekoloji problemlərin yaratdığı fəsadlardan ciddi əziyyət çəkirlər. Bunun səbəbi isə onların kifayət qədər məlumatlı olmamalarıdır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı vaxtdan ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biri olmuşdur. Bu yöndə nazirliyin həyata keçirdiyi tədbirlər müsbət nəticələr verir. İlk növbədə, əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif mövzularda kütləvi tədbirlərin həyata keçirilməsini qeyd etmək lazımdır. Burada məqsəd, əsasən, insanlarda ekoloji fəlakətlərin mahiyyəti barədə müəyyən təsəvvürlər yaratmaqdır".
Onun sözlərinə görə, bu gün əhalinin ekoloji təhsili və maarifləndirilməsi dövlətin ekoloji siyasətində önəmli yer tutur. İnanırıq ki, əhali arasında genişmiqyaslı maarifəndirici tədbirlərin həyata keçirilməsi insanların ətraf mühitə daha qayğı ilə yanaşmasına imkan yaradacaq.
Tədbirin sonunda layihə çərçivəsində ekoloji maarifləndirməyə dair hazırlanan köynəklər gənclərə paylanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi