Yuxarı

ETSN: "Bu ilin ötən dövrü ərzində qanunsuz balıq ovlayan 20 nəfər məsuliyyətə cəlb olunub"

İsmayıl Yunusov: Qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı 37 cinayət işi başlanılıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Bu ilin 9 ayı ərzində su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq 20 nəfər məsuliyyətə cəlb olunub". Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin aparıcı müfəttişi İsmayıl Yunusov bildirib.

Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı 37 cinayət işi başlanılıb: "Bəzi işlərə isə departamentdə baxılaraq müvafiq qərar qəbul edilib".

Nazirlik rəsmisi deyib ki, qeyd olunan müddətdə qanun pozucularından 7 033 ədəd müxtəlif adda ov aləti və qanunsuz ovlanmış 725 ədəd müxtəlif növ balıq götürülüb: "Qanunsuz balıq ovu ilə məşğul olan adamlardan götürülən balıqlar nazirlik adından satış müəssisələrinə təhvil verilir, əldə olunan vəsaitlər dövlət büdcəsinə ödənilir".

İ.Yunusov qeyd edib ki, qanunsuz balıq ovladığına və ya balıq ovu qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilən qanun pozucularına qarşı balıq ehtiyatlarına vurduğu ziyana görə 41 500 manat məbləğində iddia qaldırılıb: "Həmin şəxslərə qarşı 23 900 manat məbləğində cərimə tətbiq edilib. Tətbiq edilən cərimələrin bu günə qədər 10 900 manatı ödənilib".

O bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi balıqçılıqla məşğul olmağı özünə peşə seçən insanlar arasında daim maarifləndirmə işləri aparır: "Qanunsuz balıq ovu ilə məşğul olan şəxslər nazirliyə müraciət edib rəsmi icazə əsasında bu işlə məşğul ola bilərlər. Artıq qanuni əsaslarla balıq ovu ilə məşğul olanların sayı artıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi