"Texniki tərəqqi və dünya iqtisadiyyatının sürətli inkişafı qlobal ekoloji çağırışların səbəbidir. Hazırda bəşəriyyətin üzləşdiyi ən kəskin problemlər iqlim dəyişmələri, içməli suyun çatışmazlığı, biomüxtəlifliyin azalması, torpaqların və dünya okeanının çirklənməsi ilə bağlıdır".
"Report"un xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı bildirib.
O qeyd edib ki, müasir ekoloji problemlər yalnız müxtəlif səviyyələrdə sıx qarşılıqlı əlaqə və əməkdaşlıq şəraitində həll edilə bilər:
"Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində əsas çoxtərəfli ekoloji sazişlərin (konvensiyaların) tərəfidir və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Lakin regional əməkdaşlıq, habelə transsərhəd məsələlər barəsində sıx qarşılıqlı fəaliyyət ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq razılaşmaların yerinə yetirilməsində həlledici rol oynayır, çünki təbiət dövlət sərhədlərini tanımır. Ermənistanın yürütdüyü işğalçılıq siyasəti Azərbaycanda ətraf mühitə, bioloji müxtəlifliyə və bütövlükdə regionda ekoloji vəziyyətə birbaşa ziyan vurur".
E.Qarabağlı deyib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində təbii ehtiyatlar vəhşicəsinə istismar olunur, meşələr məhv edilir, transsərhəd çaylar çirkləndirilir, regionun flora və faunasına bərpası mümkün olmayan ziyan vurulur:
"İşğal edilmiş ərazilərdəki su hövzələri də potensial ekoloji fəlakət mənbəyidir. Aran rayonlarda yaşayan 400 000-dən çox insan daim təhlükədədir, çünki işğal edilmiş ərazidə yerləşən Sərsəng su anbarına texniki xidmət göstərilmir. Orada baş verə biləcək hər hansı təbii fəlakət bəndin uçmasına, bu isə öz növbəsində humanitar və ekoloji fəlakətə gətirib çıxara bilər.
Qış fəslində Sərsəng su anbarından alınan suyun həcmində rayonun mövsümi tələbatı nəzərə alınmır, nəticədə yaşayış məntəqələri, kənd təsərrüfatı təyinatlı torpaqlar və rabitə xətləri su altında qalır. İlin qızmar dövründə isə, əks vəziyyət yaranır – illik norma ilə müqayisədə xeyli az su ayrılır, nəticədə kəskin su qıtlığı əmələ gəlir, suvarma ilə bağlı problemlər yaranır.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı ölkəmizin beynəlxalq konvensiyalar çərçivəsində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini çətinləşdirir. Azərbaycan Transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Helsinki Konvensiyasının tərəfidir.
Bu Konvensiyanın əsas, missiyası transsərhəd su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsidir. Bu məsələlərin səmərəli həlli yalnız sıx əməkdaşlıq yolu ilə təmin edilə bilər. Ermənistanın bu Konvensiyaya qoşulmaması və onun işğalçı siyasəti transsərhəd sular probleminin beynəlxalq normalar çərçivəsində həllini qeyri-mümkün edir”.
ETSN nümayəndəsi Azərbaycanın işğal edilmiş ərazilərində işğalçı ölkənin dağıdıcı fəaliyyəti ilə bağlı faktların dünyaya çatdırılması üzrə aparılan fəal işin nəticələri barədə də danışıb. O xatırladıb ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2016-cı ildə Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qərəzli şəkildə sudan məhrum edilməsi haqqında 2 085 nömrəli qətnamə qəbul edib:
"Assambleya içməli sudan maneəsiz istifadə edilməsini sərhədlər ucbatından məhdudlaşdırıla bilməyən əsas hüquq, hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edən həyat mənbəyi hesab edir. Bu qətnamə Ermənistan silahlı qüvvələrinin regiondan dərhal çıxarılmasını, müstəqil mühəndislər və hidroloqlar tərəfindən yerlərdə tədqiqat aparılmasını tələb edir".
E.Qarabağlı regionda ətraf mühitə və əhalinin sağlamlığına ən ciddi təhlükələrdən biri – Ermənistanda 1976-cı ildən bəri köhnəlmiş texnologiyalar əsasında fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyəti barədə də diqqətə çatdırıb:
“Qeyd etmək lazımdır ki, Ermənistanda 1988-ci ildə baş vermiş zəlzələdən sonra Metsamor AES bağlanmışdı, lakin 1995-ci ildə beynəlxalq birliyin çağırışlarına və kəskin tənqidə baxmayaraq bu AES-in işi bərpa edildi. Hazırda Metsamor AES müvafiq təhlükəsizlik normalarına riayət edilmədən daha artıq güclə fəaliyyət göstərir. 2009-cu ilin sonunda Ermənistan hökuməti AES-in yeni blokunun tikilməsi barədə qərar qəbul edib. Onu da qeyd etmək lazımdır ki, Ermənistan bu AES-in texniki təhlükəsizliyi və fəaliyyəti barədə informasiyanın beynəlxalq təşkilatlar üçün lazımi dərəcədə əlçatan olmasını təmin etmir.
AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı məlumatların olmaması, xüsusən Azərbaycan ərazilərinin işğal edilməsi kontekstində, regionda nüvə təhlükəsizliyinə ciddi təhdid olaraq qalmaqdadır. Böyük ehtimalla deyə bilərik ki, AES-in tullantıları məhz işğal olunmuş ərazilərdə basdırılır və bu proses davam edir.
Azərbaycan və Ermənistan transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi barədə BMT-nin Avropa İqtisadi Komissiyasının Espo Konvensiyasının da tərəfidir. Həmin konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedura (o cümlədən açıq müzakirələr) təkcə dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək həmsərhəd ölkələrdə aparılmalıdır. Konvensiyaya uyğun olaraq qiymətləndirmə proseduru planlaşdırmanın erkən mərhələrində həyata keçirilməlidir.
2011-ci il mayın 5-də Azərbaycan tərəfi Ermənistanın Azərbaycan üçün və bütövlükdə region üçün potensial təhlükə mənbəyi olan layihələri barədə heç bir informasiyanın olmamasını nəzərə alaraq Metsamor AES-in fəaliyyəti ilə bağlı məsələyə Espo Konvensiyası çərçivəsində baxılması ilə bağlı iddia qaldırıb. Espo Konvensiyasının icraiyyə komitəsi tərəfindən uzunmüddətli araşdırmalardan sonra çıxarılmış qərarda göstərilir ki, Ermənistan tərəfi Konvensiyanın müddəalarını yerinə yetirmir".
O, iqlim dəyişmələrinə və onun nəticələrinə qarşı mübarizə məsələsində Azərbaycanın fəal mövqe tutmasını vurğulayaraq xatırladıb ki, BMT-nin iqlim dəyişmələri konvensiyasının katibliyinə ölkəmiz tərəfindən təqdim edilmiş istixana qazları tullantılarının azaldılması üçün ölkələrin töhfələri barədə xüsusi sənədə müvafiq olaraq, Azərbaycan 2030-cu ilə qədər karbon qazı tullantılarını 35 faiz azaltmağı planlaşdırır:
"Həmin sənəddə bir fakt da öz əksini tapıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi Azərbaycanın Konvensiya çərçivəsində qarşıya qoyduğu hədəflərə çatmasına əsas əngəldir. Azərbaycan beynəlxalq təşkilatlara müraciətlə Ermənistanın işğal etdiyi ərazilərdə dağıdıcı fəaliyyətini dərhal dayandırması üçün ona qarşı müvafiq tədbirlər görülməsini qətiyyətlə tələb edir”.