Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Ramik Əşrəfov Şabran və Quba rayonlarında keçirilən meşəbərpa tədbirində deyib.
Bildirilib ki, nazirlik rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzləri əməkdaşlarının iştirakı ilə Şabran və Quba rayonlarında meşəbərpa tədbirləri keçirilib. Tədbirlər çərçivəsində Bakı-Quba magistral avtomobil yolunun dağ massivində salınmış terraslarda, eləcə də Quba rayonunun meşə fondu ərazilərində ümumilikdə 5 mindən çox müxtəlif növ ağac tingi əkilib.
R.Əşrəfov bildirib ki, meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki, Zaqatala, Lənkəran, Şəmkir, Göygöl, Qəbələ rayonlarının meşə fondu torpaqlarında da təşkil olunub, gün ərzində meşə fondu torpaqlarında ümumilikdə 35 min ədəd müxtəlif növ ağac tingi əkilib.