Bakıda “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
"Report" xəbər verir ki, aksiya Bakının Müşfiqabad qəsəbəsində baş tutub.
Belə ki, iki ölkə arasındakı qarşılıqlı əlaqələrə simvolik töhfə vermək məqsədilə keçirilən aksiya zamanı 3 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun 3000 müxtəlif cins ağac əkilib.
Qeyd olunub ki, bu aksiya “Yaponiya-Azərbaycan Dostluq İli”nin açılışı kimi ilboyu keçiriləcək silsilə tədbirlər üçün başlanğıc olub.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yaponiyanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə nazirliyin rəsmiləri, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi, “Itochu” şirkətinin Bakı ofisinin rəhbəri Yasuhiro Nakajima, ekokönüllülər, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetinin və ADA Universiteti Sakura Klubunun tələbələri, “yapon.az” yapon dili və mədəniyyəti mərkəzinin tələbələri, Zirvə Liseyi, 225 saylı orta məktəbin müəllim və şagird kollektivi və digər Yaponiyasevərlər iştirak edib.
Qeyd edək ki, sentyabrın 7-də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin 30 illiyinin tamam olması ilə bağlı 2022-ci il “Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunur və bir sıra silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb.