Azərbaycanda ekoloji vəziyyətə dair son məlumatlar açıqlanıb

Azərbaycanda ekoloji vəziyyətə dair son məlumatlar açıqlanıb Direktor müavini: "Yağıntılarda təhlil olunan inqrediyentlərin ən az miqdarı Xızıda, ən çoxu isə Neftçalada müəyyən edilib"
Ekologiya
8 Dekabr , 2014 09:08
Azərbaycanda ekoloji vəziyyətə dair son məlumatlar açıqlanıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazovanın "Report"a müsahibəsi:

- Ətraf mühitin radiasiya fonunun gündəlik müşahidələri necə aparılır?

- Ətraf mühitin radiasiya fonu üzrə gündəlik müşahidələr ölkənin bütün bölgələrini əhatə etməklə, gündə 3 dəfə (saat 09:00, 15:00, 18:00 radələrində) 42 məntəqədə aparılır. Aparılan ölçmələrin nəticələrinə əsasən gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılır və məlumatlar gündəlik olaraq Nazirliyin İnternet saytında yerləşdirilir. Atmosfer aerozollarının b-radioaktivliyi üzərində müşahidələr Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Zaqatala, Quba, Naxçıvan, Ağcabədi, Ağstafa və Neft Daşlarından götürülmüş planşet nümunələrində analizlər aparılır. Təbii fonda kiçik amplitudalarla kənaraçıxmalar olsa belə, radiasiya fonu norma daxilində qeydə alınıb.

- Ölkə ərazisində radiasiya fonu üzərində avtomatlaşdırılmış monitorinqin nəzarət sistemi hansı vəziyyətdədir, nə kimi nəticələr var?

- Transsərhəd ərazilərdə (Qazax, Sədərək (Naxçıvan MR), Beyləqan, Astara, Quba rayonları və Pirallahı adası) fəaliyyət göstərən radiasiya fonu üzrə avtomatlaşdırılmış monitorinq nəzarəti sistemi normal fəaliyyət göstərir. Hazırda monitorinq məlumatları hər yarım saatdan bir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə ötürülür.

- Mütəmadi şəkildə monitorinqlər aparılır. Atmosfer havasının çirklənməsi monitorinqləri əsas hansı şəhər və müşahidə məntəqələrində aparılır?

- Atmosfer havasının çirklənməsinin monitorinqi ölkənin 8 iri sənaye şəhərində - Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yerləşən 26 müşahidə məntəqəsində aparılır. Bu şəhərlərdə atmosfer havasının fon tərkibi və hər bir şəhərin spesifik zərərli maddələri üzrə 90853 nümunə götürülüb və həmin nümunələr üzərində 18 adda çirkləndirici üzrə 92466 analiz aparılıb. Atmosfer havasının çirklənmə səviyyəsinə dair "Atmosfer havasının çirklənmə səviyyəsi və təbii mühitin radiasiya şəraiti haqqında" gündəlik bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılır və məlumatlar mütəmadi şəkildə Nazirliyin internet saytında yerləşdirilir. Bakı şəhərində əsas çirkləndiricilərdən tozun orta aylıq qatılığı 1,3 dəfə, azot 4-oksid 1,2 dəfə, hidrogen flüorid isə 1,6 dəfə YVQH-ni (yol verilən qatılıq həddi) keçib. Sumqayıt şəhərində azot 4-oksidin orta aylıq qatılığı 2 dəfə, xlorun 2,7 dəfə, hidrogen flüoridin isə 1,7 dəfə YVQH-ni keçib. Mingəçevir şəhərində atmosfer havasının tərkibindəki tozun orta aylıq qatılığı 1,3 dəfə, fenolun 1,7 dəfə, Gəncədə hidrogen flüoridin orta aylıq qatılığı 1,2 dəfə, Şirvanda azot 4-oksid isə 1,5 dəfə YVQH-ni keçib. Şəki, Naxçıvan və Lənkəran şəhərlərində atmosfer havasının çirklənməsi norma daxilində olub.

- Atmosfer yağıntıların kimyəvi tərkibinin monitorinqində hansı işlər görülüb?

- Atmosfer yağıntılarının kimyəvi tərkibinin monitorinqi ölkənin 6 bölgəsində - Abşeron yarımadası, Kür-Araz ovalığı, Kiçik Qafqaz, Böyük Qafqazın şimal-şərq, cənub yamacı və Lənkəran zonasında 23 məntəqədə 11 göstərici üzrə (sulfat, nitrat, fosfat, ammonium, xlorid, hidrokarbonat, maqnezium, kalsium ionları, elektirik keçiriciliyi, codluq, və pH) aparılır. Analizlərin nəticələrinə görə yağıntılarda təhlil olunan inqrediyentlərin ən az miqdarı Xızıda (30,6 mq/l), ən çox miqdarı isə Neftçalada (496,1 mq/l) müəyyən edilib. Yağıntılardakı mineral ionların əsas hissəsini sulfat (902,4 mq/l), kalsium (580,9 mq/l), xlorid (566,2 mq/l), hidrokarbonat (419,8 mq/l), maqnezium (207,8 mq/l), nitrat (84,6 mq/l) ionları təşkil edib.

- Səth suları və torpaq çirklənməsinin monitorinqində vəziyyət necədir?

- Səth sularının çirklənməsinin monitorinqi 42 su obyekti üzrə (27 çay, 4 sututarı, 1 liman, 10 göl) 50 müşahidə məntəqəsində aparılıb. Belə ki, bu istiqamətdə detergentlər, neft məhsulları, fenollar, üzvi oksidləşdiricilər, xlorüzvi pestisidlər, ağır metallar, suyun mineral tərkibi üzrə götürülmüş su nümunəsi üzərində analiz aparılır. Su nümunələri üzərində aparılan analizlərin nəticələrinə əsasən məlum olub ki, əksər su obyektlərində bəzi göstəricilər üzrə konsentrasiyalar YVQH-ni keçib. Belə ki, Kür çayının Şıxlı-2 məntəqəsində fenollar 3 dəfə, Araz çayının Bəhmənli məntəqəsində fenollar 2 dəfə YVQH-ni keçib. Buna səbəb əsasən Gürcüstan və Ermənistan tərəfindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət və sənaye çirkab sularıdır. Su obyektlərində ekstremal və yüksək çirklənmə halları qeydə alınmayıb. Monitorinqin nəticələri əsasında “Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyəti haqqında 10 günlük hidrokimyəvi”, “Yerüstü su obyektləri haqqında aylıq hidrokimyəvi” bülletenlər hazırlanaraq aidiyyəti üzrə dövlət orqanlarına çatdırılır və məlumatlar mütəmadi olaraq Nazirliyin İnternet saytında yerləşdirilir.

Ölkə ərazisində torpaqların fon tərkibinin, neft məhsulları, pestisidlər və ağır metallarla çirklənməsinin öyrənilməsi məqsədi ilə monitorinqlər də davam etdirilir. Torpaqların çirklənməsinin monitorinqi zamanı götürülən torpaq nümunəsi üzərində kimyəvi analiz yerinə yetirilir. Bakı, Sumqayıt və Gəncə şəhərlərinin ərazi və ətraf torpaqlarının texnogen (ağır metallarla) çirklənməsinin tədqiqi məqsədi zavodun ərazisindən nümunələr götürülərək analiz edilib və ağır metallardan nikel 5-8 dəfə, xrom 1,2-6,6 dəfə, mis 2-10 dəfə və kadmium 1,2-9,3 dəfə yol verilən qatılıq həddindən artıq olması qeydə alınıb. Bir sözlə, ümumilikdə götürsək ekoloji vəziyyət qənaətbəxşdir.

Son xəbərlər

Orphus sistemi