Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) Astara arıçılarına xəbərdarlıq edib.
"Report"un Muğan bürosu xəbər verir ki, Biləsuvar RİH-n rəsmisi Astara arılarının qanunsuz olaraq rayon ərazilərində yerləşdirilməsinə münasibət bildirərəkən arıçılara bir daha Nazirlər Kabinetinin 16 nömrəli qərarını xatırladaraq xəbərdarlıq edib.
Bildirilib ki, Nazirlər Kabinetinin 16 nömrəli qərarı ilə arıların kənar rayonlara aparılması istiqamətləri müəyyən edilib:
"Astaradan arılarının Biləsuvara gətirilməsi yolverilməzdir. Çünki iqlim şəraiti eyni deyil. Məhz arıların Biləsuvara gətirilməsi buradakı arı ailələrinə pis təsir göstərib. Belə ki, burada arılar xəstələnib və tələf olub. Rayon icra hakimiyyəti olaraq biz bunun qarşısını almaq üçün müvafiq reydlər aparmışıq və onların sahibləri ilə maarifləndirmə işləri görmüşük. Həmçinin gələcəkdə belə neqativ halların baş verməməsi üçün müvafiq dövlət qurumlarına müraciət olunub".
09:47
Astaradan gətirilən arılar Biləsuvarın arıçılq təsərrüfatının yarıdan çoxuna ziyan vurub.
Bunu"Report"un Muğan bürosuna Biləsuvar Fermerlər Şurasının və Arıçıların Rayon Təşkilatının sədri Hacı Gülağa Hüseynov deyib.
Onun sözlərinə görə, bu problem artıq 3-4 ildir ki, yaranıb.
G.Hüseynov qeyd edib ki, iqlim şəraiti eyni olmadığı üçün Astaradan gətirilən arılar müxtəlif xəstəliklər daşıyır:
"Astara arıları dağlıq ərazilərdə yaşadıqları üçün onların özünəməxsus spesfik iqlimi xəstəlikləri olur ki, bizim arılar həmin xəstəliklərə yoluxan kimi məhv olurlar. Bundan başqa, həmin arılar vəhşi təbiətə daha çox öyrəşdikləri üçün Aran bölgəsində daha çevik və cəld hərəkət edib qidalanırlar. Biləsuvarın arıları isə xəstəliyə yoluxmasalar belə yem çatışmazlığından tələf olurlar".
Fermər həmçinin əlavə edib ki, hər il Astara arıçıları gizli formada gecə arıları gətirib Biləsuvara yerləşdirirlər: "Bu da öz növbəsində rayonun arıçılıq təsərrüfatına ziyan vurur. Bu hal "Arıçılıq haqqında" qanunun bir çox maddələrinin qərarlarını kobud sürətdə pozur. Belə ki, sanitar-baytarlıq haqqında heç bir əsasnaməsi, köçürülmə yerinin qeydiyyatı, yerli icra sturukturlarının heç bir məlumatı olmadan Astaradan hər il külli miqdarda Biləsuvara arı gətirilir. Artıq bu il
Astaradan gətirilən arılar demək olar ki, bizim arıçılq təsərrüfatının yarıdan çoxuna ziyan vurub".
Qeyd edək ki, Biləsuvarda hal-hazırda 112 arı saxlayan təsərrüfat və onların da 4165 arı ailəsi var.