Yuxarı

AMEA: “Lökbatandakı vulkan püskürməsi 5 il bundan əvvəl baş verəndən çox zəifdir”

AMEA: “Lökbatandakı vulkan püskürməsi 5 il bundan əvvəl baş verəndən çox zəifdir”

91

Adil Əliyev: “Araşdırmaların sonunda püskürmənin hansı seysmik hadisə nəticəsində baş verdiyi məlum olacaq”

Bakı. 2 may. REPORT.AZ/ “Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanı sonuncu dəfə 2012-ci ildə püskürüb. İndi püskürmə 5 il bundan əvvəl baş verən püskürmədən çox zəifdir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev deyib.

O bildirib ki, mayın 2-də baş verən püskürmə uzun müddət davam etməyib, yer səthinə çıxardığı məhsul da çox olmayıb: “Günün sonuna qədər gözləməliyik. Əgər yeni aktivləşmə olsa, özünü yenidən büruzə verəcək. Sabaha qədər heç bir aktivləşmə olmasa, deməli vulkanın təkrar püskürməsi baş verməyəcək”.

A.Əliyev əlavə edib ki, vulkanın olduğu ərazi yaşayış məntəqəsinə yaxın olsa da, insanlar üçün ciddi təhlükə yaratmayıb: “Çünki vulkan neft-mədən sahəsində yerləşir. Araşdırmaların sonunda püskürmənin hansı seysmik hadisə nəticəsində baş verdiyi məlum olacaq. Həmin ərazidə vulkanın püskürməsi nəticəsində ətrafa atılan tullantıların qurumasını gözləyirik. Bundan sonra orada işləmək mümkün olacaq. Bu da bir həftə vaxt tələb edir”.

Xatırladaq ki, 1810-cu ildə qeydə alınan Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə, dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi