16 sentyabr Beynəlxalq Ozon qatının qorunması günüdür

16 sentyabr Beynəlxalq Ozon qatının qorunması günüdür Bakı. 15 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, 16 sentyabr bütün dünyada Beynəlxalq ozon qatının qorunması günü kimi qeyd edilir.
Ekologiya
15 Sentyabr , 2018 15:40
16 sentyabr Beynəlxalq Ozon qatının qorunması günüdür

Bakı. 15 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 1994-cü ildə qəbul etdiyi qətnaməyə əsasən, 16 sentyabr bütün dünyada Beynəlxalq ozon qatının qorunması günü kimi qeyd edilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, yer kürəsində bütün canlı həyat ozon qatı ilə qorunur. Ozon qatı günəşdən yayılan təhlükəli ultrabənövşəyi şüaları filtrasiya edir və planetin səthinin 10-16 km-lik hündürlüyündə yerləşir.

400 milyon ildən artıq mövcud olan bu qat, son 100 ildə sənayenin inkişafı ilə əlaqədar külli miqdarda zərərli kimyəvi maddələrin atmosfer havasına buraxılması nəticəsində dağılmaq təhlükəsi qarşısında qalıb. Bu ekoloji problemin qarşısının alınması məqsədilə 1985-ci ildə BMT tərəfindən “Ozon qatının qorunmasına dair Vyana Konvensiyası” qəbul edilib və hazırda 200-ə yaxın ölkə tərəfindən bu konvensiyanın tələblərinin yerinə yetirilməsi məqsədilə öhdəliklər götürülüb.

Azərbaycan “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair sazişə 1996-cı ildən qoşulub. Ölkəmiz də bu beynəlxalq müqavilələrə qoşulmaqla qlobal ekoloji problem olan ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb. Götürülmüş öhdəlik sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondensionerlərin ODM olmayan daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən, ODM-li cihaz və avadanlıqların ölkəyə idxalının ildən- ilə azaldılmasına, son nəticədə isə tamamilə qadağan edilməsinə nail olunmasından ibarətdir.

Tərkibində frion, xlor, brom, hallonun çoxluq təşkil etdiyi qazlar əsas ozon dağıdıcı maddələr hesab olunur və belə maddələrdən istifadənin azaldılması ozon qatının qorunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif layihələr çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq azalmağa doğru gedir. Sənaye müəssisələrinin modernizasiyası, texnoloji yeniliklərə əsaslanan müasir soyuducu və kondensionerlərin ölkəyə idxalının artırılması bu məqsədə xidmət edir. Hazırda Azərbaycan sözügedən konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Beynəlxalq ozon qatının qorunması gününün keçirilməsində əsas məqsəd Yer kürrəsindəki bütün canlı aləm üçün mühüm əhəmiyyət kəsb edən Ozon qatının təhlükə qarşısında olmasının dünya ictimaiyyətinin nəzərinə çatdırmaq və onun qorunmasına diqqət yönəltməkdir.

Son xəbərlər

Orphus sistemi