Yazıçı Rövşən Abdullaoğlu Report Media Məktəbinin qonağı olub

Yazıçı Rövşən Abdullaoğlu Report Media Məktəbinin qonağı olub Yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlu Report Media Məktəbinin tələbələri ilə görüşə gəlib.
Ədəbiyyat
17 Aprel , 2023 16:19
Yazıçı Rövşən Abdullaoğlu Report Media Məktəbinin qonağı olub

Yazıçı, filosof-şərqşünas, psixoloq Rövşən Abdullaoğlu Report Media Məktəbinin tələbələri ilə görüşə gəlib.

“Report” xəbər verir ki, görüş zamanı R.Abdullaoğlu romanları ilə böyük auditoriyanı əhatə etmək istədiyini bildirib:

“Psixoloji kitablarla işləyərkən bunları psixoloji romana çevirməyi qərara aldım. Psixoloji romanlarda bütün demək istədiyimi vəsf etmişəm. 2010-cu ildə ilk əsərim işıq üzü görəndə, sosial şəbəkədə yazıçılardan biri yazmışdı ki, əgər bu adamın kitabını alsalar, adımı dəyişərəm. “Bizdə ədəbiyyat yoxdur”, “Azərbaycan oxucusu yerli yazıçıları heç vaxt oxumayacaq”, “Nobel mükafatçıları ola-ola sizin əsərləri niyə oxusunlar” kimi ifadələr eşidirdim. Bunlara fikir vermədim, nəticədə “Bu şəhərdə kimsə yoxdur” ölkədə 3 il davamlı olaraq ən çox satılan kitab oldu”.

Yazıçı ədəbiyyatın dünyaya çıxışının yalnız keyfiyyətli tərcüməyə bağlı olduğunu qeyd edib:

“Tərcümə olunan əsərlərlə beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Əsərin qızıl medal alması üçün o, mükəmməl tərcümə edilməlidir. Lakin ilk tərcüməyə amerikalı redaktor baxıb bərbad olduğunu dedi. Daha sonra əcnəbi redaktorlara müraciət etməli oldum. Əsər əvvəlcə rus dilinə tərcümə edilir, sonra isə onu ingilis dilinə tərcüməsi daha yaxşı alınır. İngilisdən isə istənilən dilə rahat çevirmək olur. Bu yolla Misir, Özbəkistan, Türkiyə, Albaniya, hətta Tanzaniya kimi ölkələrdə kitablarım çap olunub”.

Rövşən Abdullaoğlu 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2013-cü ildə Moskva Pozitiv Texnologiyalar və Konsaltinq İnstitutunun psixoloji konsultasiya fakültəsində geştalt terapiyası metodu üzrə məsləhətçi-psixoloq ixtisasına yiyələnib.

2010-cu ildən yazıçılıq fəaliyyətinə başlayıb. Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxıb, onların əksəriyyəti bestsellerə çevrilib. "Bu şəhərdə kimsə yoxdur" adlı ilk psixoloji romanı 2016-cı ildə Azərbaycanda ən çox satılan kitab olub. Romanı Amerikanın dünya ədəbi tənqid sferasında fəaliyyət göstərən ən nəhəng qurumlarından biri olan "Readers Favorite" təşkilatı "beş ulduz" fərqlənmə nişanı ilə təltif edib. “PEN America” yazıçılar birliyinin üzvüdür.

Son xəbərlər

Orphus sistemi