Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Sabirabad Rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi M.Ə.Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, "Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr" adlanan konfrans Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunub.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad şəhərinin mərkəzindəki abidələri ziyarət olunub və önünə gül dəstələri düzülüb.
Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəsmiləri, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli (M.Ə.Sabirin nəvəsi-Red), digər elm xadimləri, yazıçı, şair və publisistlər, həmçinin rayon ziyalıları, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.
Konfransda M.Ə.Sabirin həyatı və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuş, onunla bağlı xatirələrdən söhbət açılıb.
Konfrans bitdikdən sonra görkəmli şairin Sabirabad rayonunda yaşayan qohumu Afət Tahirzadənin (M.Ə.Sabirin nəvəsi-Red.) ailəsi ziyarət olunub, şairin bir zamanlar sabun bişirdiyi tiyan (dəmir və ya metaldan hazırlanan dərin qazan-Red.) ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.