Qənbər Şəmşiroğlunun çoxcildlik kitabının təqdimat mərasimi keçirilib

Qənbər Şəmşiroğlunun çoxcildlik kitabının təqdimat mərasimi keçirilib Aşıq Şəmşir Mədəniyyət ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildlik kitabının təqdimat mərasimi keçirilib.
Ədəbiyyat
16 Noyabr , 2019 14:18
Qənbər Şəmşiroğlunun çoxcildlik kitabının təqdimat mərasimi keçirilib

Aşıq Şəmşir Mədəniyyət ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun çoxcildlik kitabının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimi giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə təbrik edib:

"Bu gün Qənbər Şəmşiroğlu ömrünün mübarək bir gününə qədəm qoyur. Yaşının neçə olduğunu deyə bilmərəm, amma mən onu həmişə 17 yaşında görürəm. Çünki şeirlərində 17 yaşın sevdası var. Məhz elə bu gözəl gündə həm də Qənbər Şəmşiroğlunun 7 cildlik əsərləri kitabının təqdimatını keçiririk. Qənbər müəllim gözünü açıb saz gördüyü üçün bütün şeirlərində saz havası hiss olunur. Onun şeirlərində Kəlbəcərin ruhunu görmək mümkündür".

Tədbirdə çıxış edən professor Qəzənfər Paşayev bildirib ki, Qənbər Şəmşiroğlunun yaradıcılığında aşıq sənətinin ruhunun duyulması bu gün həm də aşıq yaradıcılığına verilən qiymətin göstəricisidir: "Qənbər müəllim adi adamlardan deyil. Çünki Aşıq Şəmşirin ailəsində böyümək böyük dəyərdir. Eyni zamanda Qənbər müəllim səxavətli adamdır. Biz bilirik ki, yazan adam heç vaxt dayanmır. Yaşın heç fərqi yoxdur. Yazan adam həmişə yazır. Elə bu gün də hamı Qənbər müəllimin gördüyü işlərdən söz açır, yaradıcılığından danışır. Ona görə də tövsiyyə edirəm ki, aşıq şeir şəkillərinin nə olduğunu bilmək istəyənlər Qənbər Şəmşiroğlunun çoxcildlik əsərlərinə müraciət etsinlər".

Q.Paşayev daha sonra Qənbər Şəmşiroğlunu doğum günü münasibətiylə təbrik edib, ona cansağlığı və yeni yaradacılıq uğurları arzulayıb.

Professor Şahlar Əsgərov isə deyib ki, Aşıq Şəmşir Ocağı bu gün Azərbaycanda Kəlbəcər mühitini qoruyur: "Bu mühit Dədə Şəmşirdən ta indiyə qədər qorunur. Burada söhbət mənəvi dəyərlərin qorunmasından gedir. İnanıram ki, bu dəyərlər də nəsildən-nəsilə ötürülərək davam edəcək".

Milli Məclisin deputatı Jalə Əliyeva bildirib ki, bu kitab Qənbər Şəmşiroğlunun özününə ərməğanıdır: "Bu əsərlər toplusu müəllifin istedadını, qələmini və bütünlüklə yaradıcılığını ortaya qoyan bir kitabdır. Ona görə də burada böyük bir nəslin işığına toplaşmışıq. Bu nəsil Azərbaycan ədəbiyyatına və ictimaiyyətinə çox böyük insanlar verib".

Daha sonra akademik Muxtar İmanov, Xalq şairi Vahid Əziz, professor Şahlar Əsgərov, Adil Cəmil və başqaları çıxış ediblər.

Çıxışçılar Qənbər Şəmşiroğlunun yaradıcılığından bəhs ediblər, onu çağdaş ədəbiyatımızda həm poeziya, həm nəsr sahəsində nüfuzlu qələm sahibi kimi dəyərləndiriblər.

Natiqlər qeyd ediblər ki, Qənbər Şəmşiroğlu eyni zamanda publisitika ilə də ciddi şəkildə məşğuldur və müasir publisitikamızın ən maraqlı, ən oxunaqlı örnəklərini yardanlardan biridir.

Mərasimdə eyni zamanda Kəlbəcər məktəblilərinin ifasında görkəmli el sənətkarının şeirləri də səsləndirilib.

Sonda çıxış edən Qənbər Şəmşiroğlu mərasim iştirakçılarına öz təşəkkürünü bildirib, eyni zamanda onlara ağsaqqal tövsiyələrini çatdırıb.

Son xəbərlər

Orphus sistemi