Bakı. 5 iyun. REPORT.AZ/ AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar iyunun 1-dən etibarən ikinövbəli iş rejimində fəaliyyət göstərir. Bu barədə "Report"a muzeydən məlumat verilib.
Bazar günü istisna olmaqla, hər gün səhər saat 10:00-dan axşam 20:00-a kimi muzeyə gələn əcnəbi və yerli qonaqlar bu mədəniyyət ocağının qədim zamanlardan müasir dövrə kimi Azərbaycan ədəbiyyatının keçdiyi tarixi yol haqqında məlumat verən ekspozisiyası ilə tanış olurlar. Onlara görkəmli ədiblərin əlyazmaları, məşhur xəttatların yazı nümunələri, klassiklərin əsərlərinə çəkilən miniatürləri, Azərbaycan yazıçılarının əsərləri və sənədli fotoşəkilləri, xalq yaradıcılığı nümunələri, müxtəlif dövrlərə aid sikkələrin kolleksiyası, qədim xalçalar, saxsı qablar və digər maddi mədəniyyət abidələri haqında məlumatlar verilir.
Muzeyin yenilənmiş ekspozisiyasında monitorlar vasitəsilə təqdim edilən müxtəlif filmlərdən, səhnə əsərlərindən fraqmentlər, görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, tanınmış aktyorların ifasında poeziya nümunələri ziyarətçilərin marağına səbəb olur. Qonaqlara həm Azərbaycan, həm də rus və ingilis dilllərində xidmət göstərilir.
Qeyd edək ki, muzey ikinövbəli iş rejimində iyunun 30-dək fəaliyyət göstərəcək.