Gəncədə "Poeziya günü" keçirilib

Gəncədə "Poeziya günü" keçirilib Bölgələrdə "Poeziya günləri"nin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub
Ədəbiyyat
9 Fevral , 2016 10:20
Gəncədə Poeziya günü keçirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Gəncədəki "Məhsəti Gəncəvi Mərkəzi"ndə "Poeziya günü" keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir AYB və Gəncə Şəhər İcra hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

AYB-nin yaradıcılıq məsələləri üzrə katibliyin təşəbbüsü ilə keçirilən "Poeziya günü"ndə birliyin Gəncə, Mingəçevir, Şəki, Aran, Beyləqan, Qazax bölmələrinin nümayəndələri və Gəncə şəhərinin poeziya sevərləri iştirak edib.

Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanın paytaxtdan uzaqda yerləşən qərb bölgəsində yaşayan qələm sahiblərinin daha sıx toplanması, o bölgələrdəki AYB filiallarının daha da aktivləşməsi, qarşılıqlı münasibətlərin gücləndirilməsi və bölgələrdə ədəbi mühitin fəallaşmasıdır.

"Poeziya günü"ndə çıxış edən şairlər - Xəzangül, Sərvaz Hüseynoğlu, Barat Vüsal, Vaqif Aslan, Asif Cəfərli, İsmayıl İmanzadə, İnqilab İsaq və başqaları həm Gəncə ədəbi mühitinin tarixi barədə xatirələrini bölüşüb, həm də yeni şeirlərini oxuyublar.

Tədbirin aparıcısı, AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, tədbirin məhz Gəncədə keçirilməsi də şəhərin Azərbaycanın qərb bölgəsinin bir mədəniyyət mərkəzinə çevrilməsi konsepsiyasına müvafiq qərarlaşdırılıb.

Nəzərdə tutulur ki, həm Gəncədə, həm də yaxın bölgələrdə bu cür "Poeziya günləri" mütəmadi olaraq keçirilsin və AYB-nin Azərbaycanın qərbində yerləşən bölgə filiallarının nümayəndələri də tədbirlərdə aktiv iştirak etsinlər.

Son xəbərlər

Orphus sistemi