Yuxarı
    Bağlamaq

    Elxan Elatlı: “Detektiv deyilən bir janrda heç vaxt yazmamışam” - MÜSAHİBƏ

    Məşhur detektiv yazar: “Azərbaycanda əlavə gəliri, işi olmayan yeganə yazıçı, yəqin mənəm”© Report

    Bakı. 14 sentyabr. REPORT.AZ/ Azərbaycanın məşhur detektiv yazarı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı Elxan Elatlının (Elxan Əbdürrəhman oğlu Osmanov) “Report”a müsahibəsi:

    - Sanki Elxan Elatlı mətbuatla ünsiyyətdən qaçır. Sizi tapmaq elə də asan iş deyil...

    - Bir neçə saytda dostlarım var. Onlara telefonum açıqdır. Televiziya verilişlərinə olan dəvətləri qəbul etmirəm. Səbəb odur ki, ilk olaraq yaradıcılığımı düşünürəm. Yazıçı peşəsinin başqalarından fərqi ondan ibarətdir ki, yazıçı xəyal adamıdır. Xəyal da qırıq-qırıq ola bilməz. Beynimdə həmişə xəyal olub və onu qırmaq yaradıcılığa mane olur. Söhbət bir, iki saatdan getmir. Televiziya kanalı məni bir həftə sonra hansısa verilişə dəvət edirsə, ən azı bir həftə ərzində fikrimin 30 faizi ona ayrılır.

    Mətbuatdan uzaq olmağımın ikinci bir səbəbi də saytların, televiziyaların dəvət etdikləri qonaqdan şou yaratmağa çalışmalarıdır. Danışılan əsas məsələlər bir tərəfdə qalır, hansısa bir cümlə daha çox qabardılır. Burada da vaxt məsələsini əsas götürürəm. Çıxışda sensasiya yaradan ifadəyə görə daha çox müsahibələrə dəvət olunursan. Yenə də vaxt gedir və yaradıcılıq ölür. Əsas səbəb budur.

    - Bir yazıçı olaraq məşhur olmaq, daha çox auditoriya toplamaq üçün mətbuat lazımdırmı?

    - İctimai mənada göz önündə, məşhur olmaq istəmirəm. Bu yaradıcılığa mane olur. Bir də ayılarsan ki, sən artıq əsil mənada yazıçı deyilsən. Sadəcə məşhursan. Hər sənətdə beləsi var. Kimsə müğənnidir, artıq öz yaradıcılığı ilə məşğul ola bilmir, sadəcə məşhurdur və hər tədbirdə iştirak edir. Gündəlik həyatı ön plana çəkilir. Əgər sənətkarın sənəti ölürsə, özü də xəbəri olmadan ölür. Xalqımız elə yazıçı tanıyır ki, onun bir kitabını da oxumayıb. Göz önündə olduğu üçün onu tanıyırlar. Mən bunu istəmirəm. Düşünürəm, nə qədər ömür var, mən yazım, qoy oxusunlar. Həm də burada maddi məsələ var. Azərbaycanda heç bir yerdən maddi dəstək almayan, əlavə gəliri və işi olmayan yeganə yazıçı yəqin ki, mənəm. Mənim heç bir başqa işim, biznesim, dövlət işim və ya yardım alacağım yer yoxdur. Yalnız yazdığım kitablarla dolanıram.

    - Dünya təcrübəsində məşhur yazarların imkanlı oxucuları ona kitabını nəşrində və ya digər mənada yardım edir.

    - Məni sevən insanlar arasında imkanlılar çoxdur. Birincisi mən heç kimdən yardım istəmərəm, ikincisi, hələ ki, iş adamları müəyyən vacib işlərdə yardım etmək istəmirlər. Bir neçə dəfə belə məqamlar olub. Məsələn, bizim fəxrimiz Milli Qəhrəman Mübariz İbrahimov haqqında roman yazdım. Yazan zaman düşünürdüm ki, bədii roman kimi digərlərindən güclü olmayacaq. Amma xalqa lazımlı romandır. Tanıdığım bir neçə məktəb direktoru öz vəsaiti hesabına həmin kitabı alıb, kitabxanaya verir və məktəblilərə oxutdurur. Əsəri yazanda zənn edirdim nəşriyyat bu əsəri 5 min tirajla çap edəcəksə, Biləsuvardan elə bir şəxs çıxacaq ki, ən azı 3 min kitab alıb məktəblərə paylayacaq. Hətta bunu eşitdirən, deyən də oldu. Çox sükutla qarşılandı. Əlbəttə, bu olsa, ədəbiyyatımız da inkişaf edər. Bu gün Azərbaycan milli ədəbiyyatının yaxşı vəziyyətdə olduğunu heç kim deyə bilməz. Bəzən biz elə bilirik ki, ədəbiyyatımız dolub-daşır. Detektiv janrını tənqid edirik. Sanki, çoxlu detektiv, tarixi roman yazarımız var. Bu gün nəşriyyatlar və ayrı–ayrı şəxslər xarici ədəbiyyatı daha çox təbliğ edir. Bunun qarşısında milli ədəbiyyatımız dayana bilməz. Bir-iki nəfər nəsə yazır və ona da istehza ilə baxırlar. Bunun səbəbi də ədəbiyyatımızın yaranan gündən yad təsirlərə məruz qalmasıdır. Mən hələ son olaraq XX əsr Rusiya ədəbiyyatında hansı fəsil yaranırdısa, bizim də həmin janrı təbliğ etdiyimizi demirəm. Bunları müstəqil olmamağımıza bağışlamaq olar. Bu gün isə biz müstəqilik və özünəməxsus ədəbiyyat olmalıdır. 60-cı illərdə yeni nəsil meydana gəldi. Yad təsir bol olan, sentimentallığın, duyğusallığın əleyhinə yönələn bir cərəyan idi. Bir qədər Avropa ruhu vardı. Biz azərbaycanlıyıq, elə deyilik axı. Bu gün məni ona görə oxuyurlar ki, Azərbaycan xalqının ruhu nədirsə, ona uyğun yazıram. Biz öz ruhumuzu dəyişə bilmərik. İngilis başqadır, soyuqqanlıdır, azərbaycanlı, türk istiqanlıdır. Hər millətin öz xüsusiyyəti var.

    - Millilik əsərlərinizin əsas xəttidir...

    - Mən məxsusi olaraq buna çalışmıram. Sadəcə qəlbən milli bir insanam. Xarici ədəbiyyatı az oxumuşam. Bunu uğur kimi təqdim etmək bir az gülməli olar. Balansı gözləyirəm və bu bilərəkdən olmur. Sadəcə uşaq, yeniyetmə vaxtı Azərbaycan dilinə tərcümə olunan dünya uşaq ədəbiyyatını oxumuşam. Şərq ədəbiyyatından da oxuduqlarım çox olub. Oxuduğum kitablar mənim ruhumu düzgün saxlayıb. İnsan öz milliliyindən, kimliyindən kənara çıxanda çox əcaib görünür. Bu gün mən ingilis həyatından hər hansı əsər yazaram. Əlbəttə ingilis kimi yaza bilmərəm, quru alınar. İstedadım lap çox olsa, bir çox ingilisdən yaxşı yazaram. Amma yenə də onun kökündə təbiilik olmayacaq.

    - Bəlkə də uğurunuzun səbəbi millilikdir. Rus, ingilis dilində əsərlər oxumayan insanlar sizi oxuyur.

    - Bəli, məsələ bundadır. Yəni, insanlar genindən, yaranışından gələn bir duyğusu ilə nəyi sevirsə, onu da edir. Biz bəzən öz-özümüzü sevmirik. Bunu Sabir, Mirzə Cəlil də hələ o vaxt deyib.

    - Əsərlərinizdə əsas qəhrəman Qanbay Qasımlıdır. Bu obraz necə yarandı və milli obraz deyə bilərikmi?

    - 2000-ci ildə qarşıma məqsəd qoydum ki, artıq milli obraz yaradım. Bir qədər fərqli ad axtarırdım. Bu gün bəlkə də o adı qoymazdım. Çalışırdım türk əsilli ad olsun. Bu adın başqa mənada olanı da var. “Qan” və “bay” əsil türk sözləridir. Bəzən, “n” hərfini “m” hərfi ilə əvəz edənlərdən inciyirəm. Daha sonra bu obrazın xarakterini yaratmaq barədə düşündüm. Qəhrəmanı Moskvadan Azərbaycana ona görə gətirdim ki, bir qədər təbii olsun. Azərbaycanda oturub azərbaycanlılar üçün roman yazmaq çox çətindir. Tərcümə olunan xarici ədəbiyyatı istər-istəməz oxuyub, qəbul edirik. Çünki o millətin ruhunu tam bilmirik. Kitabda nə yazılırsa, bizə məqbuldur. Amma öz yazıçımızın romanında səhv axtarırıq, çox gözəl də tapırıq. O bizdən, məndən yazıb axı. Məsələn, mən oxucu kimi oxuyanda görürəm ki, belə deyil. Sən azərbaycanlı obrazı yaratmısansa, mən belə deyiləm. Deməli, yazıçı səhv edib. Başqa çətinlik də az deyil. Obraza ad qoyanda nə qədər düşünürəm. Hansısa obrazın adını Məmməd qoymaq istəyirsən. Düşünürsən ki, filankəsin də adı Məmməddir və bu obrazdakı mənfi olan nədənsə inciyə bilər. Qadın obrazlarına ad qoyanda da eyni çətinlik yaranır. Gözəl qadın adıdır, amma əsərdə bir qədər yaxşı qadın kimi təqdim olunmayacaq. Nə yaxşı ki, məni sevən oxucular var. Çox vaxt incitmədən yaxınlaşıb deyirlər ki, Elxan müəllim, o ad mənim adımdır: “Mənfi obrazda yazmısınız. Kaş olmayaydı”. Heç kim düşünməsin ki, kimsə Azərbaycanda oturub azərbaycanlılar üçün milli ədəbiyyat, obraz yaradırsa, asan bir işlə məşğul olur.

    - Bir çox əsərdə Qanbay Qasımlı yalnız insandır. Onun heç bir qadınla eşq macərası verilmir. Mentalitetin burada təsiri nə dərəcədədir?

    - Fikrimcə, qadınlar daha çox onlara qarşı laqeyd olan kişiləri sevirlər. Qanbay Qasımlı sağlam, ciddi adamdır. Amma eyni zamanda güclü olduğuna görə özünü laqeyd apara bilir. Qasımlını sevməyimin bir səbəbi budur. Daha sonra onun mərd, ədalətli, etibarlı insan olmasını hər kəs bəyənir. O azərbaycanlıdır, amma bütün ruhu ilə milli obraz deyil. Ona görə bir müddət sonra vətənpərvər Ələmdar Məlikov obrazını yaratdım. Əsil Azərbaycan türküdür.

    - Qəhrəmanların taleyini öncədən təyin edirsiniz, yoxsa əsəri yazarkən hadisələrin gedişindən asılı olur?

    - Mən başqa yazıçıların müsahibələrini oxuyuram və mənə bir qədər qəribə gəlir. Bir çoxu deyir ki, mən obrazları başdı-başına buraxıram. Məndə elə deyil. Riyaziyyatçı təfəkkürü özünü göstərir. Dəqiqliyə çox riayət edirəm. Romanın sonuncu cümləsini bilmədən birinci cümləyə başlamıram. Bütün süjeti qurub, romanın necə qurtaracağını bilib, birinci cümləni yazıram. Yazı prosesində müəyyən dəyişiklik olur. Amma əsərin süjetin son açarını bilmirəmsə, deməli əlimdə süjet yoxdur. Kimsə məndən soruşanda nə yazırsan, deyirəm bir süjet var və gələn ay yazmağa başlayacam. Deməli, sonuncu cümləni bilirəm.

    - Orta hesabla ilə neçə kitab yazırsınız?

    - Orta hesabla bir ilə iki kitab yazıram. Burada maddi məsələ əsas rol oynayır. Əlavə gəlir olsa, ya bir kitaba ayrılan vəsait məni dolandırsa, ikinci kitabı bəlkə də yazmaram. Amma maddi çətinliyə görə ildə iki kitab yazıram. Daha çox yaza bilərəm. Amma mütləq keyfiyyətə təsir göstərəcək.

    - Ölkədə keçirilən sorğularda əsərləriniz ən çox satılan kitabların sırasında ilk yerlərdə qərarlaşır. Daha öncə yazdığınız əsərlər yenidən nəşr olunaraq sizə maddi dəstək olur, yoxsa sırf yeni əsərlərinizdən gəlir götürürsünüz?

    - Ötən ilə kimi başqa nəşriyyatda idim. Orada müqavilə belə idi ki, kitab satıldıqca mənə ödəniş olunacaq. İlk qələm təcrübəm olan iki romanım da ötən il yenidən çap olundu. Bu vaxta qədər 23 kitabım nəşr olunub. Bu yaxınlarda ən yaxşı 10 romanımı müəyyənləşdirdim. Digər 13 əsərimi kənara qoydum. On romanıma əminəm ki, yüz il sonra da yenidən çap olunacaq. O biri 13 romanıma söz vermirəm. Son bir ildə bütün romanlarımın çap hüququnu TEAS PRESS nəşriyyatına vermişəm. Onlar artıq əvvəllərdə çap olunan romanlarımı yeni dizaynla nəşr edirlər. Əslində ehtiyacım olduğuna görə satdım. Əsərlərimə film çəkmək, tərcümə hüquqları da artıq nəşriyyata məxsusdur. “Cəhənnəmdən gələn səs” rus, “Seçilmiş cəza” ingilis dilinə tərcümə olunub.

    - “Cəhənnəmdən gələn səs” romanınız Xocalı hadisələrindən bəhs edir.

    - “Cəhənnəmdən gələn səs” romanı deyilənə görə ən yaxşı romanımdır. Əsəri Xocalı hadisələrindən 17 il sonra yazdım. Həmin vaxta qədər Xocalı hadisələrindən bəhs edən çoxlu film çəkilib, məqalə və sənədli əsər yazılıb. Amma insanlar oxumurdu. Elə bir əsər yazmaq istəyirdim ki, onun içində həm məhəbbət, detektiv, həm də Xocalı faciəsi yer alsın. Orada o qədər kəskin süjet xətti var ki, roman çap olunandan bir qədər sonra narahatlıq duyurdum. Əsəri yazanadək heç bir Xocalı sakini ilə ünsiyyətdə olmamışdım, tanıdığım heç kim yox idi. Romanın dərc edilməsindən 6 ay sonra məktəblərin birində təşkil olunan görüşə 3-4 Xocalı sakini gəldi. Onların hər biri mənə təşəkkür etdi və hadisələri sanki canlı şahid kimi yazdığımı bildirdi. Xocalıya hücum olunan gecəni ayrıca bir fəsil kimi vermişdim. Oxucuların bəzisi əsəri oxuyarkən məhz o fəsli ötürmüşdülər. Bu əsəri sırf Xocalıya həsr etsəydim, oxunmayacaqdı. Romanda 47 fəslin biri məhz o gecəyə aiddir. Oxucuya məhəbbət və detektivdən istifadə edərək Xocalı hadisəsini çatdırdım. Bu əsəri Azərbaycanla heç bir qarışığı olmayan rus oxumuşdu və mənə zəng edərək bildirdi ki, bütün romanı oxuduğum müddətdə dəsmalım əlimdə olub, göz yaşlarımı silmişəm. Bu, mənə çox təsir elədi. Çox istərdim ki, bizim imkanlı şəxslərimiz bu əsəri tərcümə edib dünyaya yaysınlar.

    - Azərbaycanda kitabdan gəlir əldə edib yaşamaq çətindir. Piratçılıq da baş alıb gedir. Bununla mübarizə apara bilirsinizmi?

    - 2008-ci ildə ilk dəfə televiziya kanalları məni tanımadan, obyektiv olaraq kitab mağazalarında yoxlama apardıqdan sonra Elxan Elatlını ən çox satılan kitab müəllifi kimi təqdim etdilər. Artıq 10 ildir müxtəlif tipli qurumların sorğularında kitabı ən çox satılan müəllif kimi tanınmışam. Bu on ildə piratçılıqla mübarizədə müxtəlif yollar keçmişik. Təsəvvür edin, ilk vaxtlar nəşriyyat 2000 kitabımı satdığını deyirdi. Mənə məlumat verirdilər ki, “piratlar” artıq 3000 kitab satıb. Bir neçə bölgələr üzrə “pirat şəbəkələr”i də var idi. Bəzən, onlara da sağ ol deyirdim ki, kitablarımı yayırlar. Nəşriyyat Bakıda kitabı üzə çıxarana qədər eşidirdim ki, “piratlar” artıq Naxçıvanda kitabımı tamamilə yayıblar. Bu acı da olsa, dünya yaranandan sənətkar bir qədər kasıb, ələ baxan olub.

    - Yazıçılar adətən əsərlərinin bir neçəsini elektron formatda internetdə yerləşdirir. Sizin əsərlərinizin elektron formatına rast gəlmədik.

    - Əvvəldən belə idi ki, nəşriyyatlar satıb pul qazanmaq istəyirdilər. Daha öncə yazdığım əsərlərdən “Xəyanət” internetdə artıq var. Olsa, təbii yaxşı olardı. Xarici ölkədə yaşayan azərbaycanlılar kitab məsələsində çətinlik çəkirlər. Maraqlı bir fakt deyim ki, dünyanın elə bir ölkəsi olmaz ki, orada yaşayan azərbaycanlı mənim əsərimi oxumasın. Gözümün qarşısında Çindən gələn iş adamı tədbirlərin birində mənimlə görüşdü və mağazadan 20-dən çox kitab alıb Çinə aparacağını dedi. Bəzən deyirlər ki, bizim xalqımız kitab oxuyan deyil. Biz kitab oxumağa meyilliyik, amma kitaba pul vermək istəmirik. Mən özüm də daxil olmaqla. Rayonlardan durmadan kitabxanalara kitab göndərməyimi istəyirlər. Mən də deyə bilmirəm ki, belə çox istəyirsən, get kitab dükanından al. Tələbəyə heç demək olmur. O qədər məzəli və məntiqli yolla kitab əldə edirlər. Məsələn, kirayə kitab verirlər, dəyişmə üsulu, gərəksiz bildiyin kitabı verib əvəzində hansısa kitabı götürə bilərsən kimi. Rayon kitabxanalarının bəzilərində kitabxanaçılar öz puluna kitabımı alıb qoyurlar ki, kitabxanaya gələn olsun. Başqa bir variant da var, rayonda fəaliyyət göstərən mərkəzi kitabxana müdiri qərar verib ki, hansısa kitab itsə, əvəzində Elxan Elatlının kitabını gətirin. Nəticədə yazıçıya pul gəlmir. Əlaqədar təşkilatlar istəsələr, bunu çox yaxşı həll edərlər. Milli ədəbiyyatımızı 6 ayın içində iki dəfədən artıq dirçəldə bilərlər. Kitabxanalara paylaşsa, yazıçı da rahat yaradıcılıqla məşğul olar.

    - Əsərlərinizdəki qadın obrazları haqqında danışmaq istərdik. Mənfi qadın personajları, xəyanətin geniş yer alması həyatın tələbidir, yoxsa kitabı daha maraqlı etmək üçün bu üsuldan istifadə edirsiniz?

    - Mən istəyirəm kitab maraqlı olsun, amma maraqlı etmək üçün hansısa hiyləyə əl atmıram. Duyduqlarımı həmişə ürəkdən yazmışam. Şəxsiyyətinə hörmət etdiyim səmimi qadın oxucular etiraf ediblər ki, qadınların özlərinin özlərinə demədiklərini yazırsınız.

    - Bu sirləri haradan bilirsiniz?

    - Yəqin ki, duyuram. Bəlkə də qadınlar bu etirafları başqalarına da ediblər. Amma onlar buna əhəmiyyət verməyiblər. Mənim isə yaddaşıma həkk olub. Təbii ki, nəyisə etiraf edənlər olur. Bir neçə romanım var ki, orada qadınların etirafı öz əksini tapıb.

    - Yazıçı süjetini haradan götürür? Həyatdan ya hansısa mənbədən, arxivdən məlumat alırsınız?

    - İndiyə qədər heç bir polisdən kömək istəməmişəm. Arxivə gedib araşdırma aparmamışam. Son vaxtlar istərdim ki, məlumat alacağım bir yer olsun. Mən daxilən birinci cinayəti kəşf edib sonra o cinayəti necə açacağımı axtarıram. Tapanda çox sevinirəm ki, artıq roman hazırdır. Ondan sonra süjet xəttinə yüklədiyim hər şey həyatdan gəlir. Gördüklərim, duyduqlarım, eşitdiklərimi qələmə alıram. Mən detektiv süjeti tapandan sonra əsər o qədər yüklənir ki, detektiv artıq 2-3-cü dərəcəyə keçir. Detektiv deyilən bir janrda heç vaxt yazmamışam. Bu gün bu janrı “sarı ədəbiyyat” və ya qeyri-ciddi ədəbiyyat adlandıran şəxslərlə müəyyən mənada razıyam. Konkret olaraq bir cinayət hadisəsi və onun açılmasından yazılır. Oxuyub, bir kənara qoyursan. Mən də düşünürəm ki, buna ədəbiyyat demək olmaz. Amma mənim yazdıqlarım elə deyil. Detektiv məndə həmişə 2-3-cü dərəcəli olur. Məsələn, “Cəhənnəmdən gələn səs” romanı tamamilə başqa janrdır. Gözəgörünməz bir hissədə detektiv var. “Adsız tablo” əsərində isə detektiv hissə öndədir.

    - Əsərləriniz sevilsə də, film çəkilməyib...

    - Bu günə qədər rejissorlardan, prodüserlərdən saysız-hesabsız təklif almışam. Onların arasında gənclərdən tutmuş Azərbaycanın ən yaxşı rejissoru da olub. Hələ heç biri alınmayıb. Bəzilərində maliyyə problemi olub, bəzilərində səbəb başqa olub. Bir rejissorda heç bir problem yox idi. Amma bildirdi ki, romanlarım tanınıb. Nə vaxtsa yeni bir iş yaradarıq.

    - Əsərlərinizi ekranlaşdırmaq istəyəndə ssenarini özünüz yazardınız yoxsa kiməsə tapşırardınız?

    - Nədənsə, mən də köhnə yazdığım kitablara qarşı laqeydlik yaranıb. Ona görə də məmnuniyyətlə ssenari yazmağı onlara həvalə edərdim. Amma hər halda özüm daha rahat, sadə yazardım.

    - Qanbay Qasımlını sizə, Şerlok Holmsa və Dronqoya bənzədənlər çoxdur. Sizcə, Qasımlı daha çox kimə bənzəyir?

    - Heç vaxt Şerlok Holmsa bənzətməmişəm. Həmişə özümə bənzətmişəm. Qanbay Qasımlını özümdən götürmüşəm. 70 faiz mənə bənzəyir. Ona görə də onu rahat yazıram. 30 faiz məndə olmayan xüsusiyyətləri var. Arzu edərdim ki, o xüsusiyyətlər məndə də olsun.

    Məncə, Dronqo ilə Qanbay Qasımlı fərqli obrazlardır. Heç vaxt kiməsə oxşatmaqla razılaşmıram. İstər-istəməz xəfiyyə obrazlarının oxşar cəhətləri var. Xəfiyyəsənsə, sirr saxlayan, az danışan olmalısan. Həyatda ən qorxduğum şey kimdənsə nəsə götürmək, oğurlamaqdır. Nə yaradırsan, nə edirsənsə özününkünü et. Müqayisədə əsərinin hansısa əsərdən zəif olduğu deyilsin. Özünündürsə, o bir müddət də olsa yaşayacaq.

    - Yaradıcılığa şeir, hekayə ilə başladınız. Detektiv janrı ilə tanındınız. Gələcəkdə yaradıcı istiqamətinizi dəyişməyi düşünürsünüzmü?

    - İki dəfə detektivdən başqa janra keçmişəm. “Mərtəbələr” romanı qətiyyən detektiv deyil. Çox istərdim ki, bu romandan film çəkilsin. Rejissor yaxşı olarsa, xarici ölkələrə çıxarılmalı film ola bilər. Bir də “Eksperiment” adlı roman nəşrə hazırlanır. 10 ildir o romanı düşünürdüm. Bəzən yazmağa cəsarət etməmişəm, bəzən yazmışam, yarımçıq qalırdı. Yaxın aylarda çap olunacaq. Qəti detektiv deyil. “Mərtəbələr” və “Eksperiment”i şah əsərlərim sayıram.

    - Tənqidçilərlə oxucuların fikirləri bir-birlərinə qarşıdır. Sizcə, haqlı tərəf kimdir?

    - Tənqidçi də oxucudur. Tanınmış tənqidçilər və sıravi oxucular var. Hələ ilk illərdə “Qan ləkəsi” yeni nəşr olunmuşdu, bir xanım oxucu mənimlə görüş tələb etdi. Ərəb ölkələrindən hansındasa səfirliyin adi bir işçisi idi. Biz kafedə 4 saat kitabı müzakirə etdik. Xanım hər səhifədə bir hissəyə işarə qoyub, həvəslə hər birini izah edir, müqayisə aparırdı. Sıravi oxucular arasında ədəbiyyatı bu qədər dərindən bilən və sevənlər var. Tənqidçiyə artıq bir ştat kimi baxmışam.

    - Əsərlərinizi əllə, yoxsa kompüterlə yazırsınız?

    - 23 romanın 17-18-ni əllə yazmışam. İndi artıq kompüterlə yazıram. Əvvəllər qalın dəftərə yazırdım. Sonra onu yenidən başqa dəftərə köçürürdüm. Arada nəsə artırılmalı olanda əlavə vərəqdə yazıb, həmin hissəyə bərkidirdim. Beləliklə də dəftər daha da qalınlaşırdı. Redaktə baxımından kompüterin imkanları çox genişdir. Düşünürəm ki, əl yazılarımı Əlyazmalar İnstitutuna verim. Müasir dövrdə Azərbaycanda əllə yazılan son roman nümunələri kimi maraqla qarşılanardı.

    İsmayıl Rafiqoğlu, Nigar Adil

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi