Yuxarı

“Əliağa Vahid. Qəzəllər” kitabının təqdimatı keçirilib

Kitabda 150 qəzəl və miniatür şəkillər yer alıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakı İdman Sarayında keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində "Əlağa Vahid. Qəzəllər" kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi Əlağa Vahidin Azərbaycan poeziyasının, xüsusilə qəzəl janrının inkişafındakı xidmətlərindən danışıb.
Qeyd edilib ki, Əlağa Vahid gənc yaşlarından poeziyaya maraq göstərib. Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində yaxından iştirak edib. Dövrünün görkəmli şairlərinin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı tənqid edib. Böyük qəzəlxan ehtiyac içində yaşayıb. Çox az təbliğ olunsa da, xalq onun əsərlərini sevib, bəstəkarlar qəzəllərinə musiqi yazıblar. Xanəndələr bu əsərləri, eləcə də muğamlarda Vahidin sözlərini sevə-sevə oxuyurlar.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli qəzəlxan şairin yaradıcılıq yolundan danışıb: "
Əlağa Vahid elə bir şairdir ki, haqqında kimdən soruşsan, o, tərəddüd etmədən ətraflı söhbət açar. Bu, hər şairə nəsib olan tale deyil. O, çətin bir yaradıcılıq yolu keçsə də, əvəzsiz əsərlər yaradıb. Şairin yaradıcılığının sadəliyi, ahəngdarlığı Azərbaycan dilinin ruhunda yaşayır. Kitabda yer alan 150 qəzəl və miniatür şəkillər oxucularda dərin maraq yaradacaq".

Tədbirin bədii hissəsində əməkdar artist, xanəndə Firuz Səxavətin ifasında şairin qəzəlləri səsləndirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi