Yuxarı

​“Dini motivlər əsasında şeirlər” müsabiqəsinin vaxtı uzadılıb

Müsabiqəyə əsər qəbulu iyulun 20-də bitəcək

Bakı. 8 iyul. REPORT.AZ/ Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə elan etdiyi “Dini motivlər əsasında şeirlər” müsabiqəsinə əsər qəbulunun vaxtı uzadılıb.

Fondun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Dini motivlər əsasında şeirlər” müsabiqəsinin Təşkilat Komitəsi müsabiqədə iştirak etmək istəyən şəxslərin çoxsaylı təklif və xahişlərini nəzərə alaraq bu qərara gəlib.

Xatırladaq ki, iyul ayının 6-sı şeirlərin qəbulu üçün son gün idi. Təşkilat Komitəsinin qərarına əsasən isə müsabiqəyə əsər qəbulu iyulun 20-nə qədər uzadılıb.

Qeyd edək ki, müsabiqə səmavi kitabların-Tövrat, Zəbur, İncil, Quran-gənclər arasında düzgün təbliğinə, müqəddəs kitablardan gələn mütərəqqi ideyalarla gəncliyi daha yaxından tanış etməyə xidmət edir.

Müsabiqənin şərtlərinə görə təqdim edilən şeirlərin ideyası səmavi kitabların motivləri əsasında yazılmalıdır. Hər bir şəxs yalnız bir şeir təqdim edə bilər.

Şeirlər elektron formada (Times New Roman şriftində) müəllif haqqında qısa tərcümeyi-hal ilə birlikdə (əlaqə telefonları mütləq yazılmaq şərti ilə) Azərbaycan Yaradıclıq Fondunun elektron ünvanına göndərilməlidir: ayfondu@gmail.com

Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə üç əsas mükafat nəzərdə tutulub. Birinci yer üçün 500, ikinci yer üçün 300, üçüncü yer üçün 200 manat ayrılıb.

Müsabiqəyə təqdim edilən bütün şeirlər antologiya kimi dərc ediləcək. Nəşr edilmiş antologiya respublika ərazisindəki bütün kitabxanalara pulsuz paylanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi