Yuxarı

Bakıda gənc tarixçi Çinarə Nağıyevanın “Misir dünən və bu gün” adlı kitabının təqdimatı keçirilib

Martda Bakıda Misir xalq yaradıcılığından bəhs edən sərgi keçiriləcək

Bakı. 12 fevral. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzində gənc tarixçi Çinarə Nağıyevanın müəllifi olduğu “Misir dünən və bu gün” adlı kitabın təqdimatı keçirildi. 

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirdə çıxış edən Mərkəzin müdiri Əhməd Sami Elaydi qədim tarixi köklərə malik olan Azərbaycan-Misir əlaqələrinin gündən-günə inkişaf etdiyini, bu münasibətlərin təkcə siyasi, iqtisadi sahələrlə məhdudlaşmadığını, eyni zamanda, mədəniyyət sahəsini də əhatə etdiyini bildirib.

O qeyd edib ki, Misir 1991-ci il dekabrın 26-da Azərbaycanın dövlət müstəqilliyini rəsmən tanıyan ilk ölkələrdən biri olub.

"İki ölkə arasındakı əlaqələr yalnız siyasi və iqtisadi sahədə deyil mədəniyyət və təhsil sahəsini də əhatə edir. Bütün bu sahələr hər iki ölkənin, xalqlarının bir-birini yaxından tanımağa, tarixini öyrənməyə fürsət yaradır. Məhz Misir Mədəniyyət Mərkəzinin fəaliyyət istiqamətlərindən biri də elmi konfranslar, müsabiqələr keçirərək Misiri daha yaxından tanıtmaqdan ibarətdir", - Ə.S.Elyadi bildirib.  

O əlavə edib ki, rəhbərlik etdiyi Mərkəzin bir sıra planları mövcuddur: "Belə ki, mart ayında Misir xalq yaradıcılığından bəhs edən sərgi keçirilməsi və orada Misirə aid milli geyimlər, bəzək əşyaları, balıqqulaqları ilə bəzədilmiş lövhələr, gildən və misdən düzəldilmiş qablar və Misir mədəniyyətini əks etdirən digər əşyalar nümayiş olunması nəzərdə tutulub". 

Mərkəz rəhbəri bu gün Azərbaycanda bir çox sahələrdə gənclərin fəal olduğunu qeyd edib, bunun Azərbaycan Prezidentinin gəncləri dəstəkləməsinin nəticəsi olduğunu vurğulayıb. 

Gənc tarixçi Çinarə Nağıyevanın müəllifi olduğu, öz təşəbbüsü ilə böyük həvəslə yazdığı “Misir dünən və bu gün” adlı kitabın təqdimatında iştirak edən ziyalılar kitab haqda öz təəssüratlarını bildiriblər və gənc yazara uğurlar arzulayıblar. 

Sonra tədbir iştirakçıları Misir tarixinə aid gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar. 

Tədbirdə Milli Məclisin İnsan hüquqları daimi komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova, Bakı Asiya Universitetinin rektoru Cəlil Nağıyev də iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi