"Azərbaycanın lirika antologiyası" işıq üzü görüb

"Azərbaycanın lirika antologiyası" işıq üzü görüb Antologiya Finlandiyada nəşr edilib
Ədəbiyyat
28 Dekabr , 2014 00:37
Azərbaycanın lirika antologiyası işıq üzü görüb

Bakı.28 dekabr. REPORT.AZ/ Finlandiyada yaşayan həmyerlimiz Tahirə Cəfərovanın tərtib etdiyi “Azərbaycanın lirika antologiyası” işıq üzü görüb. "Report" xəbər verir ki, bu barədə məlumatı AYB-nin mətbuat xidməti yayıb.

İlk dəfə Finlandiyada fin dilində nəşr olunan antologiyada Azərbaycan klassik şeir nümayəndələrinin və müasir şairlərin yaradıcılıqlarından nümunələr yer alıb.

“Azərbaycanın lirika antologiyası”nda nəşr olunan şeirləri fin dilinə Tahirə Cəfərova və Finlandiya şairləri tərcümə edib.

Qeyd edək ki, T.Cəfərova Azərbaycan Yazıçılar Birliyinin, Finlandiya Yazıçılar İttifaqının, CEATL Avropa Tərcüməçilər Birliyinin və Fin-Pen Klubunun üzvüdür. Tampere şəhər Yazıçılar Birliyinin üzvü olan T.Cəfərova uzun illər Tampere Universitetində Ədəbiyyat və incəsənət kafedrasında çalışıb. 20 ildən artıqdır fin ədəbiyyatı tərcüməsi ilə məşğul olur. İlk tərcüməsi fin klassiki Vero Meri-bilin “Bir dollarlıq nahar” əsəri olub və Moskvada “Xarici ədəbiyyat” jurnalında dərc olunub. 1982-ci ildə fin uşaq ədəbiyyatına müraciət edərək, bir neçə yazıçının uşaqlar üçün yazdığı əsərləri, həmçinin fin dramaturqlarının bir sıra pyeslərini tərcümə edib.

Antologiyada yer alan XIX əsr Azərbaycanın görkəmli şairəsi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Natəvanın qəzəllərini, Azərbaycanın xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin şeirlərini fin dilinə T.Cəfərova uyğunlaşdırıb.

“Ntamo” nəşriyyatında çap olunan “Azərbaycanın lirika antologiyası”nda T.Cəfərova oxuculara müəlliflərin hər birinin həyat və yaradıcılıqları haqqında yığcam məlumat verib.

Son xəbərlər

Orphus sistemi