Nəriman Nərimanov haqqında monoqrafiya gürcü dilində nəşr olunub

Nəriman Nərimanov haqqında monoqrafiya gürcü dilində nəşr olunub Kitabın tərtibçisi və tərcüməçisi Mirzə Məmmədoğlu, redaktoru isə tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir
Ədəbiyyat
20 Dekabr , 2018 11:48
Nəriman Nərimanov haqqında monoqrafiya gürcü dilində nəşr olunub
0 : 00
0 : 00

Tbilisi. 20 dekabr. REPORT.AZ/ Tbilisidə Azərbaycanın tanınmış ictimai xadimi, yazıçı-publisisti mərhum Vəli Məmmədovun görkəmli dövlət xadimi və ədib Nəriman Nərimanov haqqında yazdığı monoqrafiya Azərbaycan və gürcü dillərində nəşr olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, kitabın tərtibçisi və tərcüməçisi Mirzə Məmmədoğlu, redaktoru isə tanınmış gürcü yazıçısı Nariman Yaşağaşvilidir (Naro Kolxeli).

Kitab ilk dəfə 1957-ci ildə Bakıda nəşr edilib. Müəllif Bakı, İrəvan, Tbilisi, Odessa, Kiyev, Leninqrad (Sankt-Peterburq) və Moskva şəhərlərinin arxiv və kitabxanalarında çalışıb, N. Nərimanovun sağ qalan qohumlarını, tələbə yoldaşlarını, dostlarını tapıb, çoxlu qiymətli və maraqlı sənədlər, fotoşəkillər və xatirələr toplayıb.

İki dildə nəşr olunan kitab Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayevin təşəbbüsü və maliyyə dəstəyi ilə işıq üzü görüb.

Ə.Babayev bildirib ki, N.Nərimanov Tbilisidə anadan olub, boya-başa çatıb, Qori Müəllimlər Seminariyasında təhsil alıb: “Gürcüstanda soydaşlarımızın yaşadığı Qızılhacılı kəndində o, bir neçə il müəllim kimi, Tiflisdə isə həkim kimi fəaliyyət göstərib. Bütün bunları nəzərə alaraq kitabın gürcü dilinə tərcümə olunmasını və gürcü oxucularına da çatdırılmasını məqsədyönlü hesab etdik”.

GAMK sədri qeyd edib ki, 20 noyabr 1991-ci ildə erməni terrorizminin qurbanlarından biri olan, vertolyot qəzasında həlak olan V.Məmmədovun gələn il yanvarın 7-də doğum günüdür: “Məhz elə həmin gün kitabın təqdimatını keçirmək və onun əziz xatirəsini yad etmək niyyətindəyik. Onu da qeyd edim ki, bu nəcib insanla yaxından tanış idim. Bakıda təhsil aldığım vaxtlar onun işlədiyi yerdə təcrübə keçmişəm. Onun qayğıkeşliyi və nəcibliyi yenə də gözümün önündədir. Sovetlər dövründə Qızılhacılı kəndinin yerləşdiyi Marneuli rayonunda hər il aprel ayında Nərimanov günləri keçiriləndə Bakıdan bir neçə alim və yazıçılar ilə birlikdə Vəli Məmmədov da təşrif buyururdu”.

Ə.Babayev kitabın N.Nərimanovun Bakıdakı və Tbilisidəki ev muzeylərinə, eləcə də Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə, kitabxanalara paylanacağını bildirib. 

Son xəbərlər

Orphus sistemi