Yuxarı

XVIII əsrdə yaşamış Azərbaycan şairinin əsərləri tapılıb

Şairin şeir dili xalqın danışıq dilinə yaxındır

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan bir neçə cüngdə - topluda XVIII əsr Azərbaycan şairi Zari Ərəşinin əsərləri aşkar edilibb. Bu barədə "Report"a İnstitutun direktor müavini Paşa Kərimov məlumat verib.

Onun sözlərinə görə, əslən şirvanlı olan Zari Ərəşinin nəzərdən keçirilən şeirlərində XVIII əsr Azərbaycan ədəbiyyatı üçün xarakterik olan xüsusiyyətləri görmək olar: "Hüseyn Əfəndi Qayıbov özünün "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" adlı toplusunda Zarinin “Hicran oduna öylə bəni yar yandırır” misrası ilə başlayan qəzəlini, “Eyləmiş tarac canım nəqdin ol nazik bədən” misrası ilə başlayan dördbəndlik müxəmməsini, “Ey dil, yenə bu dövrdə bir şux dilara” misrası ilə başlayan qəzəli-müstəzadını salmışdır".

Direktor müavini deyib ki, Əlyazmalar İnstitutunda Zarinin özü tərəfindən köçürülmüş bir cüng də var: "Burada XVII əsr şairləri Saib, Qövsi, Səfi, Mövci, Məczub, Kəsbi Ərəsi və Rövnəqinin, XVIII əsr şairləri Asəf Şirvani, Əbdürrəhman Əfəndi Vaiz Şirvani, Zülami Molla Gülü Qarabaği, Katib Kazım, Nabi Əfəndi Şirvani, Saleh, Zari və başqalarının şeirləri daxil edilib".

O həmçinin qeyd edib ki, şairin şeir dili xalqın danışıq dilinə yaxındır: "Zari əsərlərinin əlyazmalardan toplanıb tədqiq və nəşr edilməsi onun vasitəsilə XVIII əsr ədəbiyyat tariximizin daha ətraflı öyrənilməsinə kömək edəcək". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi