Yuxarı

Mikayıl Müşfiq mükafatı qaliblərə təqdim edilib

Onların arasında Ukraynanın tanınmış radio aparıcısı Konstantin Doroşenko da var

Bakı. 6 iyun. REPORT.AZ/ "Azərbaycana şairlər yurdu deyirlər. Bu bizim həm xoşbəxtliyimiz, həm də bədbəxtliyimizdir. Bizim xalqın dahi şairləri var. Amma bununla belə, bu gün hamı deyir ki, mən şairəm".

Bu fikirləri xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev V Azərbaycan Şairlər Gününün bağlanış mərasimində bildirib.

Azərbaycanın görkəmli şairləri Mikayıl Müşfiqin və yaxın dostu Vaqif Səmədoğlunun xatirəsini yad edən A.Rzayev deyib ki, tarixdə çox yazanlar deyil, az yazanlar qalır: "Şeir günümüz mübarək olsun".

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, AYB-nin katibi İlqar Fəhmi, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmed Arslan mərasimdə çıxış ediblər.

Tədbirdə mərhum şairə Nurəngiz Günün xatirəsi anılıb, onun həyat və yaradıcılığına həsr edilən "Qalanlara" adlı sənədli film və eyniadlı kitabın təqdimat mərasimi keçirilib. 

Şairlər Günü Mikayıl Müşfiq adına mükafatın təqdim olunması ilə davam edib.

Görkəmli gürcü yazıçısı Givi Alxazişvili Gürcüstan ədəbiyyatındakı və Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin inkişafindakı xidmətlərinə görə mükafatlandırılıb. 

Ukraynanın tanınmış radio aparıcısı Konstantin Doroşenko, Rusiya AYB-nin Moskva bölməsinin məsul katibi, şair - Afaq Şıxlının qızı, yazıçı Nilufər Şıxlı, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, şəhid şair Ülvi Bünyadzadə Mikayıl Müşfiq adına mükafata layiq görülüblər. Ü.Bünyadzadənin mükafatı mərhumun bibisi Almaz Bünyadzadəyə təqdim edilib.

Qeyd edək ki, Şairlər Günü hər il iyunun 5-də Mikayıl Müşfiqin doğum günündə keçirilir. Tədbir Mikayıl Müşfiqin simvolik məzarı Xəzər dənizinə güllərin atılması ilə başa çatıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi