Bakı. 2 noyabr. REPORT.AZ/ Suriyada hərbi münaqişələr nəticəsində 689 KİV nümayəndəsi ölüb.
“Report” xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Təşkilatının hesabatında vurğulanıb.
Bildirilib ki, Bəşşar Əsəd rejimi və tərəfdarları 543 jurnalisti, o cümlədən 5 xarici KİV nümayəndəsini öldürüb. Rusiya Hərbi-Kosmik Qüvvələrinin bombardmanları nəticəsində 19 jurnalist ölüb. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində isə 1 jurnalist həyatını itirib.
Terrorçu PKK/YPG-PYD qruplaşmasının silahlıları Suriyada 4 jurnalisti, İŞİD üçü xarici olmaqla 64, silahlı müxaifət 25, “Həyat təhrir əş-Şam” 5 KİV nümayəndəsini öldürüb. Suriyadakı silahlı münaqişə nəticəsində 28 jurnalisti öldürən qruplaşma məlum deyil.
Suriyada müharibə başlayandan 18-i xarici ölkə vətəndaşı olmaqla 418 jurnalist tutulub. Bəşşar Əsəd rejimi 346 KİV nümayəndəsini, o cümlədən 4 əcnəbini həbs edib. Terrorçu YPG/PYD qruplaşması 7, İŞİD 8-i əcnəbi olmaqla 48, silahlı müxalifət 5-i xarici ölkə vətəndaşı olmaqla 14, “Həyat Təhrir əş-Şam” biri xarici olmaqla 3 jurnalisti tutub.
Qeyd edək ki, Suriyada 2011-ci ilin martında dinc etiraz aksiyası iştirakçılarına Bəşşar Əsədin hərbçilərinin atəş açması ilə silahlı münaqişə başlayıb.