Bakı. 13 oktyabr. REPORT.AZ/ ABŞ jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə əlaqədar vəziyyəti araşdırmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp CBS telekanalında yayımlanan "60 minutes" proqramına müsahibəsində bildirib.
C.Qaşıqçının öldürülüb-öldürülməməsi və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman əl-Saudun onu öldürməklə bağlı göstəriş verib-verməməsi ilə bağlı jurnalistin sualını cavablandıran D.Tramp vəziyyəti araşdıracaqlarını söyləyib: "Həqiqətən belə olubsa, məyus və narazı olacağıq. Hələlik onlar inkar edirlər. Amma biz məsələnin məğzini öyrənəcəyik. Və əgər belədirsə, ciddi cəzalar olacaq".
D.Tramp jurnalistin itkin düşməsinin arxasında Ər-Riyadın dayandığının ortaya çıxacağı halda, müəyyən növ məhdudlaşdırıcı tədbirlərin həyata keçiriləcəyini istisna etməyib. Ancaq ABŞ lideri Səudiyyə Ərəbistanına silah təchizatını dayandırmaq və bununla orada çalışan amerikalıları işlərindən məhrum etmək istəmədiyini vurğulayıb.
Daha əvvəl Camal Qaşıqçının sorğu-sualı və qətl anının onun "Apple Watch"saatına yazıldığı məlum olub.
"Washington Post" yazıb ki, ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələrinin danışıqlarını dinləmək yolu ilə jurnalistin saxlanacağı planından xəbərdar olub.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Ankaradakı səfiri jurnalist C.Qaşıqçının Krallığın konsulluğunda itkin düşməsi ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb, diplomatdan konsulluqda axtarış aparılmasına icazə verilməsi tələb olunub. Səudiyyə Ərəbistanı tərəfi türkiyəli müstəntiqlərə krallığın İstanbuldakı Baş Konsulluğunun binasında axtarış aparmağa icazə verib.