Bakı. 7 yanvar. REPORT.AZ/ Yava dənizində "AirAsia" şirkətinə məxsus təyyarə qəzası nəticəsində ölənlərin qohumları 99,4 min dollar alacaq. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə bu gün aviaşirkətin İndoneziyada törəmə şirkətinin prezidenti Sunu Vidyatmoko bildirib.
"Biz ölkənin Nəqliyyat Nazirliyinin tələblərinə tabe olacaq və hər bir ailəyə sığorta məbləğini ödəyəcəyik", - "Indonesia AirAsia" şirkətinin rəhbəri qeyd edib. Bir müddət əvvəl şirkətin müavinət ödəməkdən imtina etdiyi bildirilib və bunu qəzanın səbəblərinin müəyyən olunmaması ilə əlaqələndirib.
2014-cü il dekabrın 28-də "AirAsia"ya məxsus təyyarə Surabay - Sinqapur reysi ilə hərəkət etdikdən təxminən 40 dəqiqə sonra radarlardan itib. Təyyarədə 155 sərnişin və 7 ekipaj üzvü olub. Bu günə qədər xilasedicilər təyyarədə olan 41 sərnişinin cəsədini tapıb.