"İnamlı qələbə qazandıq. Ümid edirəm ki, bu qalibiyyət vacib bir uğurun başlanğıcı olacaq".
"Report"un məlumatına görə, bunu Ekvador millisinin baş məşqçisi Qustavo Alfaro Qətərdə start götürən dünya çempionatında ev sahiblərinə 2:0 hesabı ilə qalib gəldikləri açılış oyunundan sonra mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis bildirib ki, 3-cü dəqiqədə vurduqları ilk qolun ləğv edilməsi onlar üçün psixoloji zərbə olub: "Buna baxmayaraq, növbəti dəfə fərqlənmək üçün yollar axtarırdıq".
Alfaronun sözlərinə görə, Qətərlə oyun mundialın ən vacib görüşü idi: "Təkcə starta görə demirəm, həm də ev sahiblərinə qarşı oynadıq. Bəzən bir qələbə ilə tarixi mifləri məhv edirsiniz. Çox böyük öhdəliyimiz var və bu, bizə qalib gəlməyə imkan verdi".