“Dünya çempionatında qeydə alınan nəticələr mənə qətiyyən təəccüblü deyil”.
Bunu “Report”a müsahibəsində “Qarabağ”ın futbolçusu Kevin Medina Qətərdə keçirilən dünya çempionatı ilə bağlı danışarkən deyib.
Kolumbiyalı müdafiəçi bildirib ki, bütün komandalar futbol oynamağı bacardığı üçün futbolda hansısa nəticə artıq sensasiya sayılmır: “Əksər azarkeşlər əvvəlki dünya çempionatlarındakı nəticələri əsas götürərək, hansısa komandanı favorit adlandırır, onun qələbəsinə ümid edir. Həmin komanda uğurlu çıxış etməyəndə də təəccüblənirlər. Ancaq belə deyil, futbol çox dəyişib, inkişaf edib. İndi bütün komandalar istənilən rəqibi büdrədə bilər. Futbol bu səviyyəyə çatıb. Baş verənlər məni sevindirir. Futbolu köhnə düşüncə ilə izləyənlər artıq bu idman növünə başqa gözlə baxmağa başlayıblar. Hər bir komandanın heyətində minimum 1-2 ulduz futbolçu var. Bu onu göstərir ki, bütün ölkələrdə futbol oynamağı bacarırlar”.
29 yaşlı mərkəz müdafiəçisi DÇ-2022-dəki favoritini açıqlayıb. O, Fransa millisinin kuboku qazanmaq şansını yüksək qiymətləndirib: “Dünya çempionatı hələ başlamazdan əvvəl əsas favoritim Fransa yığması idi. Bir çox əsas futbolçularının zədəli olmasına baxmayaraq, mənim üçün favorit dəyişməz qalır. Fransa yığmasının heyətində oyunun taleyini hər an dəyişə biləcək futbolçular çoxdur. Xarakter, istək kimi keyfiyyətləri yüksək olan Mərakeş yığmasını da xüsusi qeyd eləmək istərdim. Onlar bu turnirdəki çıxışları ilə məni yaxşı mənada təəccübləndirdilər. Bir çox azarkeşlər Braziliya yığmasını favorit sayırlar. Braziliyanın da çempion olmaq potensialı var. Hər görüşə tam konsentrasiyalı çıxsalar, bəlkə də, hədəflərinə çatarlar. Əks halda mənə görə, Fransa çempion olacaq”.
Medina Kolumbiya yığmasının mundialdan kənarda qalmasına da münasibət bildirib. Futbolçu buna görə, Kolumbiya Futbol Federasiyasını günahlandırıb: “Kolumbiya yığmasının belə mötəbər turnirdə iştirak edə bilməməsi mənim üçün çox məyusedici məqamdır. Hər şeydə bir xeyir var. Bəlkə də, federasiyanın hansısa səhvi ucbatından komanda dünya çempionatına vəsiqə qazana bilmədi. Düşünürəm ki, federasiyamız buraxılan səhvlərdən qarşıdakı illərdə nəticə çıxaracaq”.
Kevin Medinanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.