Qətərdə keçirilən futbol üzrə dünya çempionatında heç-heçə sayında yeni rekord qeydə alınıb.
"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, mudiallarda indiyədək ilk turda 4 qolsuz heç-heçə (16 oyuna) qeydə alınmamışdı.
Bu vaxta qədər yalnız 1982-ci ildəki turnirdə 12 oyunun 3-ündə qol vurulmayıb.
Serbiyanı 2:0 hesabı ilə məğlub etdikləri görüşdə meydana çıxan braziliyalı Tyaqo Silva ölkəsinin yarışda iştirak ən ən yaşlı (38 yaş, 63 gün) oyunçusu olub. Müdafiəçi Calma Santosu (37 yaş, 138 gün) geridə qoyub.
İsveçrə yığmasında çıxış edən və Kamerunla görüşdə fərqlənən Bril Embolo mundiallar tarixində doğulduğu ölkəyə qol vuran ikinci futbolçudur. 1938-ci ildə İsveçrə yığmasının sabiq hücumçusu Alfred Bikel doğulduğu ölkə - Almaniya ilə qarşılaşmada fərqlənmişdi.
Çempionatlar tarixində ilk dəfə bir komanda (Uruqvay) eyni matçda 35 yaşdan yuxarı 4 oyunçudan istifadə edib. Yığma Cənubi Koreya ilə matçda Diqeo Qodin, Luis Suares, Martin Kaseres və Edinson Kavaniyə şans verib.
Qodin, Suares və Kaseres start heyətdə meydana çıxıb. Daha əvvəl 1966-cı ildə Braziliya komandasında yaşı 35-dən yuxarı olan üç futbolçu (Gilmar, Calma Santos və Bellini) ilk "11-lik"də oyuna başlamışdı. DÇ-2022-də Belçika ilə qarşılaşmada Kanadanın heyətində Milan Boryan, Stiven Vitoriya və Atiba Hatçinson start heyət yer almışdı.
Qodin Uruqvayın dünya çempionatlarında iştirak etmiş ən yaşlı oyunçusu (36 yaş, 282 gün) adına da sahib çıxıb. O, həmyerlisi Obdulio Varelanı (1954-cü il, 36 yaş 280 gün) cəmi iki gün ötə bilib.
Qana ilə görüşdə penaltidən hesabı açan Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu azad agent kimi turnirdə fərqlənən ikinci oyunçudur. Daha əvvəl 1978-ci ildə argentinalı Alberto Tarantini Peru ilə qarşılaşmada bunu bacarıb. Bu, 37 yaşlı hücumçunun mundiallar tarixində qola çevirdiyi 4-cü penaltisidir. Daha əvvəl onun həmyerlisi Eysebio, Rob Rensenbrink (Niderland), Qabriel Batistuta (Argentina) və Asamoa Qyan (Qana) 4 dəfə buna müvəffəq olublar.
Ronaldu (37 yaş, 236 gün) Qunnar Greni (İsveç, 37 yaş 236 gün, 1958-ci ildə) geridə qoyaraq turnirlərdə qol vuran ən yaşlı ikinci oyunçu adına yiyələnib. Kamerunlu Roger Milla (1994-cü il, 42 yaş 39 gün) mütləq rekorda sahibdir.
DÇ-2022-nin ilk turu qırmızı vərəqəsiz yekunlaşıb. Sonuncu dəfə belə hal 1986-cı ildə (12 oyun) yaşanıb.