Qətərdə keçirilən futbol üzrə dünya çempionatında G qrupunun I turunda Kamerun yığması ilə üz-üzə gələcək İsveçrə millisi mundiallar tarixində ilk dəfə bu komandaya rəqib olacaq.
"Report"un məlumatına görə, Avropa təmsilçisi 2006-cı ildəki turnirdə digər Afrika komandası Toqonu iki cavabsız qolla üstələyib.
Ardıcıl beşinci dəfə yarışda iştirak edən isveçrəlilər yalnız 2006-cı ildə qrup lideri olub və qapısından qol buraxmayıb. İsveçrə yığması son 4 böyük turnirdə (Avropa və dünya çempionatları) qrupdan çıxmağı bacaran üç (digərləri Belçika və Fransa) Avropa komandasından biridir.
Kamerun seçməsi dünya çempionatlarından ən çox iştirak edən (8 dəfə) Afrika ölkəsidir. Mundialda 18 qola imza atan komanda bu göstəriciyə görə qitəsində yalnız Nigeriyadan (23 qol) geri qalır. Milli turnirdəki son 7 qarşılaşmasının hamısında məğlub olub.
G qrupun digər matçında 5 qat dünya çempionu Braziliya Serbiyanı sınağa çəkəcək. "Sambaçılar" 2018-ci ildəki mötəbər yarışda rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. 22 mundialın hamısına qatılan yeganə ölkə Braziliyadır. Yarışdakı son 15 oyunda məğlub olmayan cənubi amerikalılar 1982-ci ildən sonra qrup mərhələlərini lider kimi başa vurub.
2006-cı ildən dünya çempionatlarında ən çox uduzan Avropa komandası (7 dəfə) Serbiyadır. Köhnə qitə təmsilçisi qatıldığı son 3 turnirdə (2006, 2010, 2018) qrup mərhələsini adlaya bilməyib.
H qrupunun ilk matçında Uruqvay və Cənubi Koreya komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Cənubi Amerika təmsilçisi 1990 (1:0) və 2010-cu (2:1) ildəki turnirdə rəqibinə qalib gəlib. 1930-cu ildəki ilk mundialın qalibi olan Uruqvay 14-cü dəfə yarışa qatılır. Komanda son 7 çempionatda sadəcə bir dəfə (3 heç-heçə, 3 məğlubiyyət) ilk matçında qələbə qazanıb.
Ardıcıl 10-cu dəfə bir nömrəli yarışda mübarizə aparacaq Cənubi Koreya 34 oyunun sadəcə altısında qələbə qazanıb. Bunlardan üçü isə 2002-ci ildə Yaponiya ilə birlikdə ev sahibi olduğu yarışa təsadüf edib.
H qrupunun ikinci matçında Portuqaliya Qananın müqavimətini qırmağa çalışacaq. 2014-cü ildəki çempionatda Avropa təmsilçisi 2:1 hesabı ilə qalib gəlib, həmin vaxt qələbə qolunu Kriştianu Ronaldu vurmuşdu. Portuqaliyalılar yarışdakı son 14 matçın sadəcə 3-ündə (6 heç-heçə, 5 məğlubiyyət) qələbəyə müvəffəq olub.
Mundiallarda 4-cü dəfə iştirak edən Qana yalnız 2014-cü ildə qrup mərhələsində mübarizəni dayandırıb. Yığma çempionatlar tarixində 1/4 finalda oynayan üç Afrika kollektivindən (2010; digərləri 1990 Kamerun, 2002 Seneqal). Hər üç qitə təmsilçisi də yarımfinala vəsiqə qazana bilməyib.