Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan Ramazan ayında müsəlman aləmində ortaq təqvimin tətbiq olunması üçün İstanbulda keçiriləcək qurultayda təmsil olunacaq.
Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Komitədən bildirilib ki, Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilal Gözlem Projesinin birgə təşkilatçılığı ilə 28-30 may tarixlərində İstanbulda Beynəlxalq Hicri Təqvim Birliyi qurultay keçiriləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi tədbirdə müxtəlif ölkələrdən İslam alimləri, dövlət rəsmiləri qatılacaqlar. Qurultayın keçirilməsində əsas məqsəd vahid hicri təqvim layihəsinin, bütün müsəlman dünyasının Ramazan ayına eyni vaxtda başlaması və Ramazan bayramını eyni gündə qeyd etməsi məsələlərinin müzakirəsidir. 50 ölkədən 171 nümayəndənin iştirakı gözlənilən Qurultayda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayev təmsil edəcəklər.
*** 12:10
Ramazan ayında müsəlman aləmində təqvim birliyini yaratmaq üçün mayın 28-dən 30-dək İstanbulda qurultay keçiriləcək.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Tədbiri Türkiyə Dəyanət İşləri Vəqfi, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsətxanası və İslam Hilalı Müşahidə Layihəsi təşkil edəcək.
Qurultaya 50 ölkədən, o cümlədən Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, İordaniyadan olan alimlər, astronomlar və fətva vermək səviyyəsinə malik dini liderlər qatılacaqlar.
Toplantıda öncə Türkiyə Dəyanət İşləri Vəqfinin başçısı professor Mehmet Görməz məruzə edəcək.
Ramazan ayının təqvimini hazırlamaq üçün dünyanın müxtəlif ölkələrində fiqh və astronomlardan ibarət Elm qurumu yaradılıb.
Məlumata görə, hazırda 10-dan artıq təqvim layihəsi müzakirə edilir. Elm qurumuna qurultayadək bu istiqamətdə işlərin başa çatdırılması tapşırılıb.
Qeyd edək ki, müsəlmanlar arasında Ramazan ayı təqvimi ilə bağlı mövcud ixtilafların qaldırılması ilə bağlı ilk toplantı 1966-cı ildə keçirilib. 50 il əvvəl bu məsələdə razılıq əldə edilməyib. Mayın 28-dən 30-dək keçiriləcək konfrans Ramazan ayı üçün ortaq təqvim tərtib etməyi qarşısına məqsəd qoyub.