Bu gün Bakıda “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda konfrans keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri Yalkap Hocaqulıyev, Türkiyə Diyanət İşləri Başkanlığı uzmanı Mustafa Irmaklı, ÖMİ-nin Beynəlxalq şöbəsinin müdiri Şovkat Xamdamov, Azərbaycan parlamentinin deputatları və digər şəxslər iştirak ediblər.
Toplantını giriş sözü ilə açam QMİ sədri konfrans iştirakçıları ilə Azərbaycanda 3 gün ərzində bir arada olmaqdan məmnun və xoşbəxt olduğunu vurğulayıb:
“Xüsusilə, dünən Şuşada Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının təsisinə həsr olunmuş qardaşlıq görüşümüz olduqca mühüm və yaddaqalan oldu. Bəyannaməmizi Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul edib, Əsasnaməmizi imzalamağımızın rəmzi və tarixi əhəmiyyəti misilsizdir. Türk Dövlətləri Təşkilatı məkanının müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərət və məsləhətləşmələrindən türk-İslam birliyi faydalanacaq və birgə məqsədlərə doğru böyük inam və güclü imanla addımlayacaq”.
Onun sözlərinə görə, türk dövlətlərinin bu günə qədərki yolları asan olmayıb:
“Dövlət müstəqilliyimiz yolunda, ərazi bütövlüyümüz uğrunda minlərlə övladlar canlarını fəda etmişlər. Siyasi, mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad etmək, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur. Bu sırada, Qarabağın azadlığı uğrunda Vətən müharibəsi şəhidlərinə Allah-Təaladan rəhmət, qaziləriə şəfa diləyək. Onlar öz qanları ilə əzəli, ata-baba torpaqlarımızı işğaldan azad etdilər, məscid və məbədləri əsarətdən qurtardılar, mədəni-mənəvi irsimizi xilas etdilər. Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyli ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meylləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Xalqını, dövlətininin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını, gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə qeyd edib ki, bu gün İslam dünyasının mövcud durumu birlik və vəhdəti çox zəruri edib: “Türk Dövlətləri Təşkilatının yaranması və tərəqqisi yolunda Azərbaycan və Türkiyənin rolu əvəzedilməzdir”.
Dövlət Komitəsinin sədrinin sözlərinə görə, sovetlər dağılandan sonra türk dünyasının bir araya gəlməsindən ötrü bir sıra addımlar atılıb: “Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib. Bunu başqa istiqamətə yönləndirmək istəyənlər var. Ancaq bilsinlər ki, bu, sülhə və tərəqqiyə xidmət edir”.
ÖMİ-nin Beynəlxalq şöbəsinin müdiri Şovkat Xamdamov vurğulayıb ki, son illərdə olan ölkə başçılarının fəaliyyəti fonunda əlaqələr geniş rezonans doğurur:
“Bu gün qardaşlıq bağlarımızın gücləndirilməsi çox sürətlə davam edir. Türk dövlətləri bir-birini tanımalıdır. Ortaq şəkildə mütəfəkkirlərimizin irsini öyrənməliyik”.
Türkiyə Diyanət İşləri Başkanlığı uzmanı Mustafa Irmaklı Türk Dövlətləri Təşkilatının əhəmiyyətindən və rolundan danışıb: “Bu coğrafiyanı mədəniyyət mərkəzi edən tarixi köklərimiz, zəngin irsimiz, ənənələrimizdir. Biz bir tərəfdən öz mədəniyyətimizi tanıdarkən, digər tərəfdən yenidən necə inşa edəcəyimizin yollarını axtarmalıyıq”.
Toplantıda çıxış edən Milli Məclisin vitse-spikeri, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli isə deyib ki, son günlər Azərbaycana qarşı Avropada bir kabus dolanırdı: "Sanki mənfur baxışlar güclənmişdi. Son iki gündə ölkəmizdə keçirilən tədbirlər həmin iti caynaqlara bir mesajdır. Bu gün türk dünyasında iki böyük lider yaranıb: Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan. Türk liderləinin bir yerdə olması isə dünyaya mesajdır. Azərbaycanın tarixi taleyüklü məsələlərində həmişə Allahşükür Paşazadə sinəsini qabağa verib. Türk dünyasının birliyi bizim nicatımızdır”.
Konfrans çıxışlarla davam edib.