"Azərbaycanda yeni ibadət evlərinin inşası dövlətin dini sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir".
"Report"un Şimal bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Quba rayon Heydər Əliyev mərkəzində "Müasir Çağırışlar: Dinlərarası Birgəyaşayış" mövzusunda keçirilən konfransda deyib.
Konfransın əhəmiyyətini diqqətə çatdıran sədr müavini bildirib ki, Azərbaycanda tarixən multikultural dəyərlər sistemi mövcud olub.
O xatırladıb ki, dinlərə etiqad edən etnosların dini icmalarının, kilsə, sinaqoq və məscidlərin təmsilçiləri, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların nümayəndələri Azərbaycanın regionlarında birgə yaşayırlar.
Dövlət Komitəsinin sədr müavini vurğulayıb ki, tarixi-dini abidələrin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, eləcə də yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.
Qeyd edək ki, bu gün Qubada Dövlət Komitəsinin təşkilatçılığı ilə "Müasir Çağırışlar: Dinlərarası Birgəyaşayış" mövzusunda konfrans keçirilib. Konfransda S.Heydərovla yanaşı Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Naib Səttarov, həmçinin ölkəmizdə müxtəlif dini icmaların üzvləri və rəhbərləri iştirak ediblər.
Çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Naib Səttarov Azərbaycanda dini sahəyə dövlət qayğısının əhəmiyyətinə toxunub, regionlarda keçirilən bu cür maarifləndirici tədbirlərin rəğbətlə qarşılandığını deyib.
O əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görmək mümkündür. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir.
Konfransda çıxış edən dini konfessiyaların nümayəndələri də onlara yaradılan şəraitdən və tolerantlıqdan söz açıblar.
Tədbir iştirakçıları Qubanın Cümə məscidini, Qırmızı qəsəbədə sinaqoqu, Soyqırım Memorial Konpleksi və Xaçmazda kilsəni ziyarət ediblər.