“Müxtəlif dini konfessiyaların nümayəndələrinin bir ailə kimi birgə ibadət etməsi Azərbaycanın multikultural siyasətinin bariz nümunəsidir”.
Bunu “Report”a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Siyavuş Heydərov deyib.
Onun sözlərinə görə, Xudavəng məbədini ziyarət etməkdə məqsəd katolik, pravoslav, protestant, yəhudi icmasının nümayəndələri ilə birgə dini ayinlər icra etməkdir: "Dini konfessiyaların nümayəndələri sülhün bərqərar olması üçün dualar edib, həmrəy olduqlarını bir daha göstəriblər. Bugünkü səfərdə bir daha Azərbaycanda mövcud olan tolerant, multikultural münasibətlərin, dəyərlərin bariz nümunəsini gördük. Onların bir ailə kimi birgə ibadət etməsi Azərbaycanın multikultural siyasətinin bariz nümunəsidir. Bu cür tolerant ölkədə yaşadığımız üçün qurur duyuruq. Hazırda səfərdə dini konfessiyaların 60 nəfərə yaxın nümayəndəsi iştirak edir və uzun müddətdir bu səfərə hazırlaşırdılar".
S.Heydərov bildirib ki, onlar həmçinin ermənilərin bu prosesdən düzgün nəticə çıxarmaları və onların da sülhə səy göstərmələri üçün dua ediblər: “Qeyri-islam icmaları Azərbaycanda xoşbəxt yaşayır, dövlət qayğısı ilə əhatə olunurlar. Məhz Xudavəng məbədindən də erməni tərəfinə çağırış etdilər. Onlar hesab edirlər ki, ermənilər də Azərbaycanda xoşbəxt yaşaya və dövlət qayğısından bəhrələnə bilərlər”.