“Qafqaz Albaniyasının tarixi varisləri Qafqazda yaşayan xalqlar, o cümlədən azərbaycanlılardır”.
“Report” xəbər ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda keçirilən X beynəlxalq konfransda deyib.
Dövlət Komitəsinin sədri söyləyib ki, dini baxımdan onların tarixi varisləri Alban Udiləridir.
O bildirib ki, xristianlığın İsa Məsihin həvariləri vasitəsilə yayıldığı və rəsmi dövlət dininə qədər inkişaf etdiyi Qafqaz Albaniyası Azərbaycan ərazisində yerləşən ən qədim dövlətlərdən biri olub: “Qafqaz Albaniyasının Müstəqil-Apostol Kilsəsinin öz başlanğıcını bilavasitə Qüds Kilsəsindən götürməsi, onu Erməni-qriqoryan Kilsəsindən fərqləndirən və tarix boyu erməniləri qıcıqlandıran əsas amil olub. Məhz buna görə də biz tarixin müxtəlif dövrlərində ermənilərin bu torpaqları zəbt etmiş yadellilərə yarınmaqla Alban Kilsəsini Erməni-qriqoryan Kilsəsindən asılı vəziyyətə salmağa cəhd etdiyinin şahidi oluruq”.
M.Qurbanlı vurğulayıb ki, Alban Katolikosluğu ləğv edildikdən sonra Azərbaycandakı alban kilsələri Erməni Qriqoryan Kilsəsinin himayəsinə keçsə də, ermənilər bu kilsələrdə ibadət etməyiblər: “Hətta sovet dövründə həmin tarixi abidələr Azərbaycan xalqının irsi kimi mühafizə olunub, orada heç zaman dini ayin icra edilməyib və xalqımız tərəfindən qorunub-saxlanıb. Ermənilər yalnız Azərbaycan ərazilərini işğal etdikdən sonra alban kilsələrini qriqoryanlaşdırıb, onun interyerində və eksteryerində dəyişikliklər aparıblar. Bunu da Qarabağı zəbt etdikdən sonra, bu torpaqlarda daimi məskunlaşmaq məqsədilə ediblər”.
Dövlət Komitəsinin sədri Ermənistanın işğal dövründə beynəlxalq missiyaların Azərbaycanın həmin ərazilərini ziyarət etməsinə də icazə vermədiyini xatırladıb: “Bu fakt beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapıb”.