Bakı. 12 iyul. REPORT.AZ/ "Azərbaycanda dinə qarşı mübarizə yoxdur. Biz dini radikalizmə qarşı mübarizə aparırıq".
"Report " xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Nizami Rayon İcra Hakimiyyəti ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda keçirilən birgə konfransda deyib.
O bildirib ki, dünyanın müxtəlif ölkələrində dini radikalizmin nəticəsində yaranan hadisələrin Azərbaycanda nə vaxtsa baş verə biləcəyinin mümkünsüzlüyünü düşünmək sadəlövhlük olardı: "Dini radikalizmin fəsadları hələlik bizdən uzaqdır. Amma bundan arxayınlaşaraq bu cür radikal qrupların bir zaman burada da kök atmayacağını, din adından istifadə edərək ölkədə qarışıqlıq yaradılmayacağını düşünmək sadəlövhlük və arxayınçılıq olardı. Ona görə də Azərbaycanda dini radikalizmlə mübarizə bu gün qarşımızda duran ən böyük vəzifələrdən biridir".