Mübariz Qurbanlı: “Allahşükür Paşazadə haqqında bu cür yazıların dərc olunması yolverilməzdir”

Mübariz Qurbanlı: “Allahşükür Paşazadə haqqında bu cür yazıların dərc olunması yolverilməzdir” “Bu cür yazıları gündəmə gətirənlər etik çərçivələrdən kənara çıxırlar”
Din
251
26 Sentyabr , 2017 17:03
Mübariz Qurbanlı: “Allahşükür Paşazadə haqqında bu cür yazıların dərc olunması yolverilməzdir”
Report

İstanbul. 26 sentyabr. REPORT.AZ/ “Mən mətbuata tövsiyə edərdim ki, ulu öndər Heydər Əliyevin vaxtilə Şeyxülislam Allahşükür Paşazadəyə qarşı məkrli, çirkin kampaniya gedərkən verdiyi açıqlamanı bir daha xatırlasınlar. Ulu öndər Heydər Əliyevin verdiyi qiymətdən yüksəyini biz verə bilmərik. Ulu öndər və Prezidentimizin Şeyxülislama verdiyi qiymətləri mətbuatda gedən yazılardan götürüb diqqətlə oxusanız, həmin o provokasyon, fitnəkar xarakterli yazıları yazanlara dəyərli və tutarlı cavab ola bilər. Mən hesab edirəm ki, bu cür hərəkətlər yolverilməzdir”.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

“Şeyxülislam Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri olaraq, Azərbaycan vətəndaşı olaraq gördüyü işlər Azərbaycan xalqının gözü qabağındadır. Azərbaycanın ən ağır günlərində Şeyxülislam öz sözünü birmənalı şəkildə deyərək millətimizin, dövlətimizin maraqlarını müdafiə edib. Buna ən bariz nümunə 20 yanvar hadisələridir. 20 yanvar hadislərində, hələ sovet dövlətinin mövcud olduğu dövrdə şeyxin açıqlaması həmin dövrdə xalqımıza böyük dəstək oldu. Bilirsiniz ki, ulu öndər Heydər Əliyevin də Moskvada Azərbaycan nümayəndəliyinə gəlişi və oradan bu hadisə ilə əlaqədar verdiyi bəyanat Azərbaycanda xalqın mənəvi cəhətdən, siyasi cəhətdən ruhunu daha yüksəklərə qaldırdı. Yəni bu cür hərəkətlər, bu cür addımlar zamanında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri olaraq şeyx tərəfindən həyata keçirilib. Sonrakı mərhələlərdə də şeyximiz öz fəaliyyətində milli maraqlarımızı, dövlət maraqlarımızı, ulu öndərin həyata keçirdiyi siyasi xətti, Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi xətti ardıcıl olaraq müdafiə edib və bu yöndə də müəyyən işlərini görüb, bunlar da hamısı sizə bəllidir”, - deyə, M.Qurbanlı vurğulayıb.

Mübariz Qurbanlı və Şeyxülislam Allahşükür Paşazadə

Komitə sədri bildirib ki, son günlər A.Paşazadə haqqında bəzi mətbu qurumlarda yer alan tipdə yazıların dərc olunması Azərbaycanın ümumi dövlət siyasəti baxımından yolverilməzdir: “Eyni zamanda bu cür yazıları gündəmə gətirənlər etik çərçivələrdən kənara çıxırlar, insanların ailə həyatı ilə bağlı yalan məlumatlar yayırlar. Bu cür yazılar yazanlar anlamalıdırlar ki, Şeyxülislam Azərbaycanın ali orden və medallarını alıb. 17 ölkənin orden və medalları ilə təltif olunmuş bu şəxs Dağlıq Qarabağ münaqişəsi başlanandan ermənilərin anti-Azərbaycan fəaliyyətinə qarşı mübarizədə həmişə ön sıralarda gedib və bütün din xadimlərinin toplantılarında şeyx Dağlıq Qarabağla əlaqədar Azərbaycanın mövqeyini ardıcıl və qətiyyətlə müdafiə edib. Gəlin belə deyək, o dəstənin nümayəndələrinə sual verirəm - Siz Şeyxülislama qarşı bu cür qaralama kampaniyası aparmaqla kimə və nəyə xidmət edirsiniz? Siz Şeyxülislamın əleyhinə qaralama kompaniyası ilə düşmənin dəyirmanına su tökdüyünüzün fərqinə varırsınızmı? Siz kimin yanındasınız?”

Son xəbərlər

Orphus sistemi