Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Xaçmaz şəhəri “Pirkənd”, “Təzə şəhər” və Qobuqırağı kənd məscidlərinin fəaliyyəti ilə tanış olub.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin sədri din xadimləri ilə söhbətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərin, tolerant ənənələrinin, dini müxtəlifliyin qorunması sahəsində ardıcıl tədbirlərin həyata keçirildiyini vurğulayıb.
O, mədəniyyətlərarası dialoqun, dini icmalar arasında qarşılıqlı etimad və hörmətin təşviqi sahəsində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
Ramin Məmmədov qeyd edib ki, zərərli dini-ideoloji təsirlərin, dinlərarası düşmənçilik və nifaq yaratmaq meyillərinin qarşısının alınmasında dövlət qurumları ilə yanaşı, din xadimlərinin fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir.
Daha sonra Ramin Məmmədov Xaçmaz şəhəri “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində olub.
Kilsə ilə tanışlıqdan sonra burada fəaliyyət göstərən din xadimləri ilə söhbət zamanı Komitə sədri dövlətimizin multikulturalizm və dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkib:
"Azərbaycanda müxtəlif dinlərə aid ibadət yerlərinin təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir. Ölkədə bütün xalqların nümayəndələrinə yüksək diqqət və qayğı ilə yanaşılır, mənəvi dəyərlərinin qorunması sahəsində mühüm addımlar atılır".
Görüşlər zamanı din xadimləri Azərbaycan hökumətinin tolerantlıq və multikulturalizm siyasətini dəstəklədiklərini, bu sahədə görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar.
Görüş iştirakçılarının təkliflərini dinləyən Komitə sədri din xadimlərinin peşəkarlıq səviyyəsinin artırılmasının dövrün vacib tələbi olduğunu və onların səmərəli fəaliyyətinin genişləndirilməsi ilə bağlı layihələrin həyata keçiriləcəyini deyib.