“Azərbaycanda ilk dəfə qadınların məscidlərdə dini ayin icraçısı kimi təyinat alması orada imam vəzifəsi olaraq yerinə yetirmək üçün deyil. Qadın imam funksiyasını yerinə yetirməyəcək”.
Bu fikirləri “Report”un sualını cavablandıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, qadın dini ayin icraçısı məsciddə imamın tövsiyəsi ilə hər hansı dini mərasimə qatıla biləcək:
“Dini mərasimlər var ki, qadınlar orada ayrı oturur. Məhz dini təhsili olan qadın icraçının məclisi idarə etməsi daha məntiqlidir. Çünki dini mükəmməl bilməyən birinin dini məclisi idarə etməsi nəticədə müəyyən səhvlərə səbəb ola bilər”.
Komitə sədri bildirib ki, qadın dini ayin icraçıları üçün müsahibə mərhələsinin fevral ayının ortalarında keçirilməsi nəzərdə tutulub:
“Bütün suallar və müsahibə mərhələsinin keçirilmə qaydaları Dövlət Komitəsinin rəsmi saytına yerləşdirilib”.
Xatırladaq ki, qadın dini ayin icraçısı vəzifəsinə elan edilən 7 vakant yer üçün 69 namizəd müraciət edib.