İmam və imam müavini vəzifələri üzrə 13 vakant yerə müsahibə keçirilir.
"Report" xəbər verir ki, sentyabrın 19-na qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İslam dininə aid ibadət yerlərində (məscidlər) imam və imam müavini vakansiyaları üzrə vakant vəzifələrin tutulması üçün 180 nəfər namizəd arasında müsahibə mərhələsi keçirir.
Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov bildirib ki, müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında yerləşdirilir:
"Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha imam və imam müavini vəzifələrinə təyin olunacaq. Qadın dini ayinlərinin icraçısı vəzifəsi üçün 6 vakant yer var idi. Ümumilikdə 113 qadın bu vəzifə üçün sənəd vermişdi. Ötən həftə qadın dini ayinlərinin icraçısı vəzifəsi üçün sənəd vermiş xanımların müsahibəsi yekunlaşdı. 113 qadın arasından 23 qadın uğurla müsahibədən keçdi. Yaxın bir ay ərzində 6 vakansiya üzrə həmin namizədlər seçilərək təyinat alacaq".