Azərbaycanda səfərdə olan Gürcüstanı təmsil edən din xadimlərindən ibarət nümayəndə heyətinin üzvləri İlahiyyət İnstitutuna baş çəkiblər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Nümayəndə heyəti ilk öncə ali təhsil müəssisəsində yaradılmış şərait və tədris otaqları ilə tanış olub.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və İlahiyyət İnstitutunun prorektoru Mirniyaz Mürsəlovun iştirakı ilə keçirilən görüşdə təhsil ocağının fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.
İnstitutda Gürcüstandan olan soydaşlarımızın da təhsil alması faktı qeyd edilib.
Sonda nümayəndə heyətinin üzvləri təhsil ocağına xatirə hədiyyələri təqdim ediblər.
Qeyd edək ki, din xadimləri səfər çərçivəsində Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını da ziyarət ediblər. Şəhidlər Xiyabanı və III Fəxri Xiyaban da ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla anılıb.
Nümayəndə heyəti üzvləri həmçinin Heydər məscidinə də baş çəkiblər və qılınan namaza qoşulublar.
Xatırladaq ki, Gürcüstan din xadimlərinin Azərbaycana səfəri ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir. Mayın 23-dək davam edəcək səfər çərçivəsində din xadimləri Bakı, Gəncə ilə yanaşı, Füzuli, Ağdam və Şuşa şəhərlərini də ziyarət edəcəklər.