Dövlət Komitəsinin sədri: “Yeni məscid tikilsə adı “Hacı Cavad” olacaq”

Dövlət Komitəsinin sədri: “Yeni məscid tikilsə adı “Hacı Cavad” olacaq” “Söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin fəaliyyətini davam etdirməsi deməkdir”
Din
20 Aprel , 2017 17:15
Dövlət Komitəsinin sədri: “Yeni məscid tikilsə adı “Hacı Cavad” olacaq”
Report.az

Bakı. 20 aprel. REPORT.AZ/ "Hacı Cavad" məscidinin vəziyyətinin araşdırılması ilə bağlı yaradılan Komissiya öz işini davam etdirir, ədalətli qərar hazırlamaq üçün araşdırmalar aparır".

Bunu "Report"a açıqlamasında həmin Komissiyanın üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, məscidə baxış olub, ərazidə yaşayan mömin insanların nümayəndələri ilə görüş keçirilib: "Hazırda təkliflər hazırlanır. Həmin təkliflər əsasında da qərar veriləcək. Komissiyanın tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri fəaliyyət göstərir. Məsələ ətraflı təhlil olunacaq, müxtəlif istiqamətlər üzrə araşdırmalar aparılacaq və hazırlanan rəy əsasında məscidlə əlaqədar təklif veriləcək. Məscidlə əlaqədər məsələ həllini tapacaq və həmin ərazidə yaşayan insanlar da Prezidentimizin dinimizə, milli-mənəvi dəyərlərə vedriyi dəstəyi bir daha görəcəklər".

M.Qurbanlı deyib ki, əgər söküləcək məscidin yerində eyni adlı yeni məscid tikilirsə, bu, məscidin fəaliyyətini davam etdirməsi deməkdir. Onun sözlərinə görə, yeni məscid tikilərsə, "Hacı Cavad" adı altında yeni formada fəaliyyət göstərəcək: "Yenə də qeyd edim ki, veriləcək rəylərdən sonra məscidin harada olacağı ilə bağlı qərar qəbul olunacaq. Mühəndis təhlilləri məscidin təmir olununmasının mümkün olub-olmadığını göstərəcək. Bundan sonra məscid yeni formada fəaliyyətini davam etdirəcək".

Komitə sədrinin sözlərinə görə, məscidə baxışdan belə görünür ki, bina o qədər də davamlı deyil. O, 1912-ci ildə tikilən binanın sovet dövründə məscid kimi istifadə olunmadığını da əlavə edib.

Quruculuq-abadlıq işləri ilə əlaqədar məscidin ətarfındakı binaların söküldüyünü deyən komitə sədri, ərazidə infrastruktur yaradılacağını, yol çəkiləcəyini və park salınacağını qeyd edib: "Məscidlə bağlı qərar orada ibadət edən insanlarla aparılan danışıqlardan sonra veriləcək. Verilən qərarda onların maraqları əks olunacaq. Ədalətli bir qərar olacaq. Prezidentimizin milli-mənəvi dəyərlərimizə, dinimizə göstərdiyi böyük himayəni biz bu məsələdə bir daha görürük".

Bakı şəhərində 136 məscidin fəliyyət göstərdiyini deyən M.Qurbanlı, məscidlərlə bağlı vəziyyətin daim araşdırıldığını da bildirib: "Məscidlərin içərisində əvvəllki əsrlərdə tikilərək indiyə qədər istifadə olunanlar var. Restavrasiyaya, təmirə ehtiyac duyulan məscidlərlə bağlı daim işlər görülüb. İndiyə kimi onlarla məscid Heydər Əliyev Fondunun birbaşa himayəsi altında təmir, restavrasiya olunub. Çoxlu ziyarət yerləri təmir olunaraq ziyarətçilərin istifadəsinə verilib. Mərdəkan qəsəbəsində olan tarixi Mir Möhsün Ağa ziyarətgahı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə təmir olunub. Bu işlər davam edir".

Son xəbərlər

Orphus sistemi