Bakı. 17 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının qaldırdığı məsələyə münasibət bildirib.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Bakıda yerləşən Lüteran kilsəsi hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalı kimi fəaliyyət göstərir: "Lakin hər həftənin bazar günü kilsədə Lüteran dini icmasına dini ibadət və mərasimlər keçirməsi üçün şərait yaradılır. Buna görə də icma icarə haqqı ödəyir. Ancaq icma olduqları nəzərə alınaraq onlar üçün icarə haqqı çox kiçik məbləğdə müəyyən edilib. Ümumiyyətlə, 2011-ci ildən etibarən dini qurumlara, o cümlədən Lüteran dini icmasına vəsait ayrılır. İcma indiyədək həmin vəsaitdən icarə haqqı üçün də istifadə edib".
Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Viktorovna Nesterova "Report"a dövlət tərəfindən onlara bir neçə dəfə maliyyə vəsaiti ayrıldığını təsdiqləyib: "Ötən il dövlət tərəfindən bizim icmaya 10 min, ondan əvvəlki illərdə iki dəfə 5, bir dəfə 7 min manat vəsait ayrılıb. Biz ibadət üçün hər həftə 20 manat şəklində deyil, birillik 53 ibadətə görə birdəfəlik haqq ödəyirik. Bu ilin ibadət pulunu - 1060 manatı bu yaxınlarda ödədik. Dövlət tətəfindən bu il bizə maliyyə vəsaiti hələlik verilməyib. Bizim ofisimiz də kirayə olduğundan hər ay vergilərlə birlikdə 600 manata yaxın icarə haqqı ödəyirik. Ona görə də vəsaiti ödəməkdə çətinlik çəkirik".
Qeyd edək ki, V.Nesterova bir müddət əvvəl "Report"a açıqlamasında ibadət üçün hər dəfə 20 manat vəsait ödəməyin onlar üçün çətinlik yaratdığını bildirmişdi. O, icma üzvlərinin əksəriyyətinin yaşlı insanlar, özünün isə təqaüdə çıxmış riyaziyyat müəllimi olduğunu vurğulamışdı.