Balakəndə İslam həmrəyliyinin təbliği mövzusunda seminar-müşavirə keçirilib

Balakəndə İslam həmrəyliyinin təbliği mövzusunda seminar-müşavirə keçirilib Mövzu "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” olub
Din
13 İyul , 2017 19:16
Balakəndə İslam həmrəyliyinin təbliği mövzusunda seminar-müşavirə keçirilib

Bakı. 13 iyul. REPORT.AZ/ Balakən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda tədbir keçirilib.

Report"a komitənin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları, Balakən rayonunun yerli strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, rayonun din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxışında rayonda keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətində toxunub. O bildirib ki, Azərbaycanda bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, İslam həmrəyliyinin Azərbaycan nümunəsi dünyanın qəbul etdiyi və örnək göstərdiyi modelə çevrilib. Onun sözlərinə görə, hazırda islami dəyərlərin geniş təbliğ olunmasına böyük ehtiyac var və bu yöndə maarifləndirmə işləri daim davam etdirilməlidir. Rayondakı mövcud dini durum barədə də məlumat verən İslam Rzayev vurğulayıb ki, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz nəticələrini verməkdədir.

DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında din sahəsində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri barədə məlumat verib. Natiq ölkəmizdə dini sabitliyin qorunub saxlanılması və dini maarifləndirmə sahəsində görülməsi zəruri olan məsələlərə də toxunaraq din xadimlərinin üzərinə düşən işləri xüsusi vurğulayıb. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin önəminə toxunan Səyyad Salahlı bildirib ki, İslam dininin sağlam təməlləri əsas götürülərsə, bir çox problemli məsələlər asanlıqla öz həllini tapa bilər. Qeyd olunub ki, cəmiyyətimizdə həm dini, həm də bəşəri dəyərlərə eyni ölçüdə önəm verilir. Eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələrinə qarşı yüksək hörmət göstərildiyi və dövlət tərəfindən müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarına da dini ibadətgahların tikildiyi diqqətə çatdırılıb.

Tədbirdə dini sabitliyin əhəmiyyəti haqqında məlumat verən Balakən Rayon məhkəməsinin sədri Hümbət Səlimov bildirib ki, dövlətimiz möhkəm qanunvericilik bazasına malikdir. Azərbaycanda sabitliyin qorunması ölkəmizin qanunvericiliyinə və beynəlxalq hüquqi aktlara uyğun olaraq həyata keçirilməkdədir. O, ölkəmizdə hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu, bununla yanaşı, yaradılmış etiqad azadlığından digər məqsədlər üçün istifadənin yolverilməzliyini diqqətə çatdırıb.

Sonda çıxış edən QMİ-nin Balakən rayon qazısı İbrahim İbrahimov deyib ki, milli-mənəvi dəyərlərimiz bizi bir xalq kimi formalaşdıran və digər dünya xalqlarından fərqləndirən əsas cəhətdir: “Azərbaycanda dini etiqad sahibinin ibadətini yerinə yetirməsi üçün əlverişli şərait var. Hər bir ölkə vətəndaşı dini və milli dəyərlərimizi qorumalı və bizim birgə yaşamağımıza, həmrəyliyimizə mane olan, bizi bir-birimizdən uzaqlaşdıran radikal dini düşüncəyə qarşı ayıq-sayıq olmalıdır.”

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Son xəbərlər

Orphus sistemi