Bakıda islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində “İslamofobiya ilə mübarizədə beynəlxalq təşkilatların birgə əməkdaşlığı və rolu” mövzusunda panel müzakirələri keçirilib.
"Report" xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının sədr müavini Hacı Əli Açıkgül (Türkiyə) müsəlmanların uzun müddət nifrət və ayrı-seçkiliklə üzləşdiklərini, dəfələrlə peyğəmbərin karikaturalarının yaradılmasının, Quranın yandırılmasının və s. şahidi olduqlarını bildirib.
Onun sözlərinə görə, müsəlmanlara münasibətdə hər cür stereotiplərin kökünü kəsmək üçün mətbuatda xüsusi strategiyanın qəbul edilməsi xüsusilə vacibdir.
Öz növbəsində G20 Dinlərarası Forum Assosiasiyasının (ABŞ) prezidenti Koul Darem qeyd edib ki, dini zəmində nifrətin müxtəlif təzahürləri kimi islamofobiya halları da artmaqdadır.
Onun sözlərinə görə, islamofobiya və ya nifrətin digər təzahürləri ilə mübarizə aparmağın ən yaxşı üsulu müxtəlif dinlərin nümayəndələri arasında dialoq və əməkdaşlığın qurulmasıdır.
Bundan əlavə, paneldə İƏT-in İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyasının üzvü, səfir Təsnim Aslan (Pakistan) və Beynəlxalq Siyasi Araşdırmalar Mərkəzinin Tədqiqatlar şöbəsinin rəhbəri Bülənt Aras (Qətər) da çıxış ediblər.