Azərbaycan Alban-udi xristian dini icması sülh və insanlıq naminə Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu fikir icmanın yaydığı bəyanatda öz əksini tapıb.
"Eyni zamanda, Azərbaycan xalqının tolerantlığı, Azərbaycan dövlətinin bütün dinlərin nümayəndələrinə olan qayğısı və dəstəyi onu deməyə əsas verir ki, Erməni Qriqoryan Kilsəsinin mənsublarına da humanist münasibət göstəriləcəkdir. Bu hörmətin bariz nümunəsi Bakı şəhərinin mərkəzində yerləşən Azərbaycan hökuməti tərəfindən qorunub-saxlanılmış, restavrasiya olunmuş “Müqəddəs Qriqori” erməni kilsəsidir. Əsrlərboyu Erməni Qriqoryan Kilsəsinin təsir və təzyiqlərinə, mənimsəmə və saxtalaşdırmaqla Alban irsinə böyük zərbə vurmasına baxmayaraq, sülh və insanlıq naminə biz də Erməni Qriqoryan Kilsəsi ilə əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə birgə yaşamağa hazır olduğumuzu bildiririk", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, bu gün Azərbaycan Alban-udi xristian dini icması bəyanat yayıb. Bəyanatı Azərbaycan Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili imzalayıb.