Bakı. 4 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 7-də İspaniyaya gedəcək.
İdarənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər İspaniyanin Mursiya Katolik Universitetinin dəvəti əsasında həyata keçirilir.
QMİ sədri şeyxülislam A.Paşazadə Madrid və Mursiyada 8-10 noyabr tarixlərində keçiriləcək "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi" mövzusunda konfranslarda iştirak edəcək. Konfranslar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilən "Multikulturalizm ili" çərçivəsində Mursiya Katolik Universitetinin Kilsə-dövlət münasibətləri və İnsan hüquqları kafedrası tərəfindən təşkil olunur.
İspaniya Krallığı Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquqi əməkdaşlıq və əlaqələr üzrə baş direktorunun dəstəyi ilə baş tutan bu tədbirlərdə Valensiya Arxiyepiskopu Kardinal Antonio Kanizares və digər yüksək səviyyəli dövlət, hökumət nümayəndələri və din xadimləri iştirak edəcəklər.
İspaniyada keçirilən konfranslarda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov iştirak edəcəklər.
İspaniyanın dini liderlərinə, ümumilikdə İspaniya ictimaiyyətinə dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və tolerantlığın Azərbaycan modelini təqdim etmək məqsədilə təşkil olunan bu tədbirlərdə Azərbaycanı QMİ sədri ilə bərabər ənənəvi dini konfessiya başçıları - RPK-nın Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.
QMİ sədri A.Paşazadə Azərbaycanda mövcud tolerantlıq mühiti, multikultural həyat tərzi barədə konfranslarda məruzə edəcək.
İspaniya Krallığına səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin İspaniya parlamentinin rəhbərliyi, ədliyyə, təhsil, mədəniyyət və idman naziri, habelə digər tanınmış ictimai-siyasi xadimlərlə görüşləri nəzərdə tutulur.