Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə: “Ən böyük dərdimiz Qarabağdır”

“Döyüşlər zamanı İran xalqı Azərbaycana öz dəstəyini nümayiş etdirdi”

Bakı. 13 may. REPORT.AZ/ “Bizim ən böyük dərdimiz Qarabağdır”.

“Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.

Şeyxülislam bildirib ki, Azərbaycanın müqəddəs ziyarətgahları və məscidləri hələ də ermənilərin işğalı altındadır: “Aprel ayının əvvəlində ermənilər yenidən cəbhə xəttində təxribatlara başladı. Düzdür, Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi. Silahlı Qüvvələrimiz ermənilərin təxribatlarının qarşısını almaqla yanaşı, mühüm strateji əhəmiyyətə malik bir neçə yüksəklikləri iğaldan azad etdi. Bu döyüşlər zamanı İran xalqı Azərbaycana öz dəstəyini nümayiş etdirdi. Ağır gündə İran xalqı hər zaman Azərbaycan xalqının yanındadır. Mən öz adımdan İran rəhbərliyinə təşəkkür edirəm”.

QMİ sədri bildirib ki, Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədədir: “Amma buna baxmayaraq, bəzi çətinliklərimiz də var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın”.

A.Paşazadə deyib ki, Azərbaycanda həm sünni, həm də şiə məzhəbinin nümayəndələri mövcuddur: “Ölkəmizdə sünnilərlə şiələr bir yerdə namaz qılır, sülh və əmin-amanlıq şəraitində yaşayır. Bu hal heç bir ölkədə yoxdur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi